Siyasi böhran yaşanan Ermənistanda hakimiyyət və müxalifət lideri arasında görüş planlaşdırılır.
Teleqraf.com erməni saytlarına istinadən xəbər verir ki, “Mənim Addımın” fraksiyasının rəhbəri Lilit Makunt ilkin razılığa əsasən Baş nazir Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasının sədri, parlamentin ana müxalifətinin lideri Qaqik Tsarukyanla görüşəcəyini bildirib.
Hələlik görüşün vaxtı müəyyən deyil, amma ehtimal olunur ki, müzakirələr bu gün baş tutacaq.
Baş nazir Paşinyanın parlamentdə təmsil olunan digər müxalifət partiyalarının liderləri ilə müzakirələr aparacağı da istisna deyil.
İlkin ehtimala görə, bu görüşlərdə erkən parlament seçkilərinin keçirilməsi müzakirə ediləcək.
Lilit Makunt bildirib ki, baş nazirin istefasını tələb edənlər növbədənkənar parlament seçkilərinə qarşı çıxmaqla əslində vətəndaşları hakimiyyət formalaşdırmaq imkanından mərhum edirlər.
Qeyd edək ki, Daşnaksütyun Partiyası daxil olmaqla “Qarabağ klanı”nı təmsil edən siyasi partiyaların heç biri parlamentdə təmsil olunmur.