17 İyul 2021 15:44
3 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın xarici siyasəti yalnız baş nazir tərəfindən müəyyən edilir, lakin Armen Qriqoryanın Xarici İşlər Nazirliyinə təyin olunması bir növ ABŞ-a minnətdarlıq ifadəsidir.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi strateq Armen Badalyan “Sputnik Ermənistan”a müsahibəsində söyləyib.

Sayt bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi kimi Qriqoryanı mənfi qəbul edir: “Moskva Təhlükəsizlik Şurasının katibi ilə bölüşdükləri gizli sənədlərin üçüncü ölkələr və ya maraqlı təşkilatlarla bölüşülməyəcəyindən əmin deyil”.

Badalyan isə hesab edir ki, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi üçün əvvəlki vəzifəsindən azad olunub.

Siyasi strateqə görə, Rusiya ilk növbədə təhlükəsizlik blokunun - Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Təhlükəsizlik Şurasının rəhbərliyində məqbul şəxslərin olmasında maraqlıdır.

Badalyan bu təyinatı müəyyən mənada ABŞ-dan gələn mesaj hesab edir, xüsusən də Vaşinqton, ekspertin fikrincə, seçkilərdə Paşinyana dəstək verib: “Bu, iyunun 20-də keçirilən seçkilərdə verdiyi köməyə görə, ABŞ-a minnətdarlığın ifadəsidir”.

Badalyana görə, Qriqoryan Xarici İşlər Nazirliyində Qərbin Ermənistandakı mövqelərinin möhkəmlənməsinə kömək edə bilər.

“Sputnik Ermənistan” yazıb ki, Qriqoryanın daha yüksək posta, məsələn, xarici işlər naziri vəzifəsinə təyin olunması onun anti-Rusiya mövqeyi nəzərə alınaraq, Moskvada müsbət qəbul olunmayacaq: “Mümkündür ki, bu vəzifəyə təyin olunduqdan sonra Rusiya ilə işləməkdə problemlər yaransın”.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı tutduğu postundan azad edərək, xarici işlər nazirinin birinci müavini təyin edib. Qriqoryan anti-Rusiya mövqeyi, eləcə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı kimi tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu