2 İyun 2022 15:04
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni vandalizmi sərhəd və ölçü tanımır. Son bir neçə ay ərzində Ermənistanın müxtəlif ərazilərində yerləşən abidələrin, o cümlədən İsa Məsihin heykəllərinin vandalizm aktlarına məruz qalması, ermənilərin dini, mədəni və tarixi abidələrə qarşı, sağlam məntiqlə izahı mümkün olmayan bir aqressiyasının olduğundan xəbər verir. Əks təqdirdə, özlərini “dünyanın ilk xristianları” elan edən bir toplum İsa Məsihin heykəllərini nə üçün zədələməli, yaxud dağıtmalıydı ki?”

Teleqraf.com xəbər verir ki, bunu əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, erməni vandallarının ötən 2-3 ay ərzində dağıtdığı ilk abidə İsa Məsihin paytaxt İrəvanın David-Bek küçəsində yerləşən “Surb Arutyun” (Müqəddəs Bazar Günü) kilsəsinin girişindəki bazalt obrazı olub:

“Vandallar abidənin ayaqlarını sındırıblar, əllərini və başını isə zədələyiblər. Ermənistan mediasının yazdığına görə, sözügedən abidəyə qarşı bir il ərzində üç dəfə vandalizm aktı törədilib.

Aprel ayında İsa Məsihin Ağadərəsi (Kotayk) rayonunun Crararat kəndindəki “Tux Manuk” kilsəsinin həyətində, daş xaçın (xaçkar) üzərində yerləşən abidəsi də vandalizm aktına məruz qalıb. Erməni vandalları abidənin üzünü zədələyib, sağ əlinin bir neçə barmağını sındırıblar. Qeyd edim ki, 2020-ci il sentyabrın 17-də, yəni müharibədən 10 gün öncə, İsa Məsihin Uzunoba (Armazvir) vilayətində, “Müqəddəs Lazar” kilsəsinin həyətində ucaldılmış, üslubuna görə Ermənistanda yeganə sayılan abidəsi də dağıdılmışdı. Daha doğrusu, erməni vandalları İsa Məsihin heykəlinin başını qoparmışdılar.

Ötən bir neçə ay ərzində dağıdılan “abidə”lərdən biri də İrəvanda separatçı, müharibə canisi Leonid Azqaldyanın büstüdür. Bununla yanaşı, yenə də aprel ayında erməni bəstəkarı Komitas Vardapertin İrəvanın Vaaqn Davtyan küçəsindəki parkda yerləşən heykəl-portreti yerli-dibli yoxa çıxıb.

Şübhəsiz ki, ermənilər bütün bu vandalizm aktlarının günahlarını kənarda və təbii ki, Azərbaycanda axtarmağa çalışırlar. Onların ağlı başından çıxmış “alim”lərinin qənaətinə görə, azərbaycanlılar Ermənistan sərhədini manesiz keçərək, paytaxt İrəvanın mərkəzindəki abidələri “dağıdıblar”. Təbii ki, növbəti klassik erməni böhtanıdır. Amma bu böhtanın özü belə ortalığa bəsit və ermənilərdən başqa hamının ağlına gələ biləcək bir arqument çıxarır. Belə anlaşılır ki, azərbaycanlılar istədikləri vaxt Ermənistan ərazisinə keçib istədiklərini edə bilərlər. Bu ölkənin nə sərhədi qorunur, nə də təhlükəsizliyi. Nə polis var, nə də təhlükəsizlik qüvvələri”.

Elçin Mirzəbəyli vurğulayıb ki, erməni böhtanının iç üzünü açmaq üçün elə onların özlərinin təqdim etdiyi faktlara, statistik məlumatlara nəzər salmaq lazımdır:

“Ermənistan cinayət məcəlləsinin 264-cü maddəsinə (Tarixi-mədəni abidələrin məhv edilməsi və zədələnməsi) əsasən, 2021-ci ildə 30 cinayət faktı qeydə alınıb. Onlardan ikisinin üstü açılıb və vandalizm aktlarını törədənlər məsuliyyətə cəlb olunublar. Bəs məsuliyyətə cəlb olunanlar kimlərdir? Əlbəttə ki, ermənilər!

2022-ci ilin yanvar-may ayları ərzində isə Ermənistanda 4 vandalizm aktı qeydə alınıb. Onlardan birinin üstü açılıb. Vandal isə, şübhəsiz ki, Ermənistan vətəndaşı olub.

Bütün bunlardan sonra, ermənilərin vaxtilə işğal altında saxladıqıarı Azərbaycan ərazilərinin Yerlə bir edilməsi, tarixi, mədəni və dini abidələrimizin məhvi, düşünürəm ki, kimsədə təəccüb doğurmamalıdır. Belə getsə, Ermənistandakı xristian abidələrinin taleyi haqqında da biz düşünməli olacağıq. Çünki bu vandal topluma bir daşı belə etibar etmək olmaz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər