Keçmiş ombudsman Kristina Qriqoryanın Ermənistanda yeni təsis olunmuş Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin edilməsi müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Nikol Paşinyan Roma Statutunun ratifikasiyasından bir neçə saat sonra keçmiş ombudsman Kristina Qriqoryanı Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib. Yarım il əvvəl edilməsi planlaşdırılan və naməlum səbəblərdən təxirə salınan şey indi baş verdi. Mənbələrimiz bildirirlər ki, Moskva bu təyinatın əleyhinə olub, bu, heç bir güc strukturunda işləməmiş Qriqoryanın təyinatının onlarda şübhələr yaratması ilə bağlıdır. Moskvada hesab edirlər ki, bu strukturun yaradılması Böyük Britaniyanın gizli kəşfiyyatının rəhbəri, anti-Rusiya siyasətinin öncüllərindən biri Riçard Murla birbaşa bağlıdır. Mur bu posta təyin ediləndən bir il sonra Ermənistana gəlib”, - məlumatda deyilir.
Nəşr xatırladır ki, Britaniya məxfi kəşfiyyat xidmətinin rəhbəri İrəvanda olarkən Baş nazir Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla görüşüb:
“Həmin görüşlərdən bir neçə gün sonra parlamentə Xarici Kəşfiyyat Xidmətinin yaradılması layihəsi təqdim olunur, yanvarda Kristina Qriqoryan qəfil ombudsman vəzifəsindən getdiyini bildirir. Bundan sonra onun təyinatı gecikdi, Kristina Qriqoryan bir ilə yaxın yoxa çıxdı, heç yerdə görünmədi. Mənbəmiz bildirir ki, o, təlim keçmək üçün Qərb kəşfiyyat xidmətlərinə, bəlkə də Böyük Britaniyaya, bəzi mənbələrə görə isə ABŞ-a gedib”.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qaqik Melkonyan “Hraparak”a açıqlamasında Qriqoryanın bu müddətdə xarici ölkədə təlim keçdiyi iddiasını təkrarlayıb: “Onu öyrədiblər, amma bilmirəm harda, qayıdıb, təyinat alıb”.
Melkonyan qeyd edib ki, Xarici Kəşfiyyat Xidmətinin strukturu artıq hazırdır, bunda müxtəlif ölkələrin təcrübəsindən yararlanıblar. Bu mövqeyə uyğun gəlməyən Kristin Qriqoryanın niyə seçilməsinə gəlincə, Melkonyan iddia edib ki, onun yaxşı olduğu şeylər var.