“Ermənistan-Rusiya münasibətlərində mövcud uçurum həndəsi irəliləyişlə dərinləşir. Nikol Paşinyan və komandası Moskva ilə münasibətləri mümkün qədər korlamaq niyyətlərini artıq gizlətmir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr münasibətlərin pozulmasında Rusiya xarici işlər naziri Sergey Lavrovun roluna diqqət çəkib:
“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən günlərdə MDB-nin iclasına qatılmaqdan imtina edərək, həmin gün İrəvanda ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Lui Bononu qəbul edib. Bu hal Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diqqətindən yayınmayıb. Üstəgəl, Paşinyan MDB və Avrasiya İqtisadi Birliyi liderlərinin noyabrın 23-də keçiriləcək görüşlərində iştirakını təsdiqləməyib.
İrəvan-Moskva əlaqələrindəki qopmalar Kremldə mübahisə yaradıb. Rusiyanın hakim dairələri münasibətləri korlamaq üçün kimlərin və hansı səylərin göstərildiyini, Ermənistanın Qərbin qollarına doğru irəliləməsində günahın kimdə olduğunu öyrənməyə çalışır. Kreml günahkarın Rusiya xarici işlər naziri Sergey Lavrov olduğuna şübhə etmir.
Hətta Lavrov Paşinyanı özünə cəlb etmək üçün görünməmiş addımlar atıb. Məsələn, Alen Simonyanı Smolensk meydanında binanın qarşısında qəbul edəndən sonra demişdi ki, Paşinyan və komandası “heç bir təhlükə yaratmayan təcrübəsiz oğlanlar qrupu”dur, nəzarət və etibar etmək olar. Nəticədə İrəvana qayıdan Simonyan Rusiya əleyhinə bəyanatlar verdi.
Lavrova digər istiqamətlərdəki uğursuzluqlarla bağlı da suallar var. Diplomatik işlərin uğursuzluğu nəticəsində Rusiyanın Ukrayna ilə müharibəyə getməsi də daxil olmaqla... İndi də Lavrovun işdən çıxarılması məsələsi bütün sərtliyi ilə gündəmə gətirilib”.
Qəzet Rusiyanın baş diplomatının yaxın zamanlarda təqaüdə göndəriləcəyini iddia edir.