4 Dekabr 2023 12:34
3 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan və komandası belə bir təsəvvür yaratmağa çalışırlar ki, Avrasiya İqtisadi Birliyindən çıxıb Avropa Birliyinə üzv olduqdan sonra Ermənistan “iqtisadi cənnət”ə düşəcək. AB-dən gözlənilən görünməmiş investisiya bumu, iqtisadiyyatın, xüsusilə ixracatın sürətli artması, enerji müstəqilliyinə nail olunması “cənnət obrazları” kimi təqdim olunur. Bəs bu gözəl vədlər reallığa nə qədər yaxındır?

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr Avropanın bu vədlərinin havayı olmadığını bildirir:

“İqtisadi inkişaf və ixrac artımı. Kimsəyə sirr deyil ki, Çexiya istisna olmaqla, AB-nin yeni üzvlərinin hamısının Avropanın xeyrinə “azad seçimləri” onlara baha başa gəlib. Rusiya və keçmiş Yuqoslaviyadan üz döndərən Bolqarıstan və Baltikyanı ölkələr vəd edilmiş parlaq gələcək əvəzinə, iqtisadi problemlərlə üzləşdilər. Avropada keçmiş SSRİ-də istehsal edilən malların üzünə baxan olmadı. Sənaye və kənd təsərrüfatı da daxil olmaqla, iqtisadiyyatın bütün əsas sahələrinə bir anda zərbə vuruldu. İxrac üçün nəzərdə tutulan Moldova məhsulları da havada qaldı, söhbət meyvə-tərəvəzdən, ət və şərablardan, eləcə də tərəvəz konservlərindən gedir. Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxacağı və AB-dən asılı qalacağı təqdirdə iqtisadiyyatının bir çox əsas sahələrini eyni gələcəyin gözlədiyini təxmin etmək çətin deyil.

Gəlin AB-dən gözlənilən investisiya bumuna keçək. 2021-ci ilin yayında Paşinyan və komandası AB-nin 2.6 milyard avroluq misli görünməmiş dəstəyini açıqladılar. Bunun bir hissəsi ianə, digər hissəsi isə kredit şəklində verilməliydi. Amma izah olunmadı ki, dəstəyin hansı hissəsi kreditlər, hansı hissəsi isə sadəcə AB-nin hədiyyəsidir. Bununla belə, diqqətçəkən bir fakt var: bəyanatın mətnində Ermənistana 2.6 milyardın verilməsi ilə bağlı heç bir öhdəlik və ya vəd yoxdur. Avropa Birliyi və 2.6 milyard? AB isə indiyədək cəmi 1.6 milyard verməyə hazır olduğunu bəyan edib, amma birdən yox, 5 il müddətində. İndi hansı investisiya bumundan danışmaq olar?

Nəhayət, son nöqtə, enerji müstəqilliyi. Paşinyan Rusiyanın enerji daşıyıcılarından asılı olan AB-nin köməyi ilə enerji müstəqilliyinə necə nail olacaq? Avropa inflyasiyaya təkan verən və iqtisadi inkişafı yavaşladan enerji böhranı bataqlığındadır. AB ölkələri əhalini və sənayeni dəstəkləmək üçün 750 milyard avrodan çox vəsait xərcləyib. Ukraynadakı müharibəyə və Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Avropa öz tələbatının 40 faizini Rusiya tədarükləri ilə ödəyir”.

Qəzet Rusiyadan üz döndərərək Avropaya üz tutan Ermənistanın bu planının rəvan getməyəcəyi qənaətindədir:

“Paşinyan və komandası özünü AB-nin qucağına atan, nəticədə itkiləri faydalarından çox olan ölkələrin dərslərini yaxşı oxumalıdır. Üstəlik, Ermənistan rəsmiləri dərk etməlidirlər ki, AB-yə üzvlük yaxın gələcəyin məsələsi deyil. Birlik hazırda genişlənmədə maraqlı deyil, AB-nin yüksək rütbəli rəsmiləri bu barədə danışırlar.

Bundan əlavə, AB-yə üzvlük üçün xüsusilə korrupsiyaya qarşı mübarizədə genişmiqyaslı islahatlar həyata keçirmək lazımdır. Baş naziri hökumətin iclasında korrupsiyaya qarşı mübarizədə uğursuzluğa düçar olduqlarını və “ölkədə hər kəs rüşvət alır” deyən ölkəni AB qucaq açaraq qarşılayacaq? Ermənistana belə gözəl vədlərin verilməsində yeganə məqsəd odur ki, Rusiyanın regiondakı maraqlarına ölkəmizdən zərbə vurmağa cəhd edirlər. Ermənistanın həmin oyuna cəlb edilməsinin nəticələrinə gəlincə, düşünürük ki, bu, hamıya aydındır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər