ABŞ-ın yeni səfirini İrəvan kətəsi ilə də tanış etmək yaxşı olardı, əminəm ki, bəyənəcək.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Amerika səfirlərinin azad edilmiş ərazilərimizə getməkdən yayınmalarına diqqət çəkib:
"ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi artıq Azərbaycan plovunu və dolmasını dadıb, buna görə də Azərbaycan mətbəxinin digər yeməkləri ilə tanış edilməsini xahiş edir. Əlbəttə, plov və dolma yaxşıdır, amma gözləyirik ki, ABŞ səfiri Şuşaya, Zəngilana getsin, keçmiş məcburi köçkünlərlə söhbətləşsin, onlara nə lazım olduğunu, hansı hislər keçirdiklərini soruşsun. Libbinin Ermənistandakı həmkarı da mütəmadi olaraq Azərbaycanla sərhəddə olur, Qarabağ erməniləri ilə görüşür.
Ölkəmizə gələn amerikalı səfirlərin hamısı düşünür ki, azərbaycanca bir neçə kəlmə danışmağı öyrənməklə, milli xörəkləri dadmaqla, Novruz bayramında bir-iki dəfə odun üstündən tullanmaqla ikitərəfli münasibətlərin yaxşılaşmasına töhfə verəcəklər.
Milli xörəklərə gəlincə, onu İrəvan kətəsi ilə tanış etmək yaxşı olardı. Əminəm ki, bəyənəcək".