ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işə təyin edilməsi ardıcıl addımların nəticələrindən biridir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Qərbin məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır.
“İndiyə qədər gizli olanlar üzə çıxır. Əminəm ki, Paşinyan hökuməti Qərbdəki yeni tərəfdaşlarını Rusiya ilə hərbi əməkdaşlıqla bağlı hər şey barədə məlumatlandırıb. İndi artıq bunu gizlətmirlər, rəsmi nümayəndənin Müdafiə Nazirliyində peyda olması da bununla bağlıdır. Rusiya üçün təhlükə ondan ibarətdir ki, Paşinyan hakimiyyəti fəal şəkildə Ermənistan vətəndaşlarının şüuruna Rusiyanı düşmən, Qərbi də yardımsevər obrazlarda yeridir. Əlbəttə, bu, birbaşa deyilmir. ABŞ və Qərblə hərbi sahədə koordinasiyaya gəlincə, bu xəyanətkar kurs çərçivəsində Rusiya və postsovet məkanı ilə əlaqələri kəsmək və Qərbin qanadı altına girmək üçün kifayət qədər anlaşılan ardıcıl addımlar var", - deputat vurğulayıb.
Zatulin hesab edir ki, Rusiya Ermənistanın bu qərarı ilə bağlı dərin nəticələr çıxarmalıdır:
“Ermənistan indi yol ayrıcındadır. Paşinyan 2026-cı ilə qədər parlament çoxluğu ehtimalını saxlasa da, etirazlar var. Biz öz tərəfimizdən qəti şəkildə xəbərdar edə bilərik ki, süngü üstündə oturub etirazları yatırmaq tərəfimizdən pislənəcək və münasibətlərimizdə fəsadlar törədəcək. Bu, Ermənistan rəhbərliyinin növbəti sayıqlamasına sözlərlə cavab verməkdən qat-qat vacibdir”.
Zatulin həmçinin hesab edir ki, Ermənistan rəhbərliyi Gümrü və İrəvanda yerləşən Rusiya hərbi bazaları məsələsini də qaldıra bilər:
“Əminəm ki, müəyyən mərhələdə Ermənistan rəhbərliyi əvvəllər baş verənlərə reaksiyasızlıq hiss edərsə, bu məsələni mütləq gündəmə gətirəcək. Buna şübhə yoxdur, çünki Paşinyan həyatı boyu bizim Ermənistandakı bazamıza, KTMT üzvlüyünə soyuq münasibət sərgiləyib. Bu, artıq Ermənistan hökumətinin rəsmi xəttinə çevrilib”.