23 İyul 11:27
4 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr qarşıdan gələn seçkilərə ciddi hazırlaşmağa başlayıb. Seçkilərin vaxtında və ya erkən olacağı hələ məlum deyil. Bu, xüsusilə Aram Sarkisyan, Tiqran Xzmalyan, Ovsep Xurşudyan və başqalarının təmsil olunduğu qərbyönümlülərə aiddir, onlar dünəndən qeyri-rəsmi seçki kampaniyasına başlayıblar və Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendum üçün parlamentə müraciət etmək məqsədilə 50 min vətəndaşın imzasını toplamağa başladıqlarını açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.

Nəşr bildirir ki, Paşinyan bir neçə gün əvvəl AB-yə üzvlüklə bağlı referenduma ehtiyacın olmadığını desə də, hakim komandada fikir dəyişməyə başlayıb.

AB-yə inteqrasiya gündəmini irəli sürməkdə qərarlı olduğunu bəyan edən “Respublika” Partiyasının sədri Aram Sərkisyan söyləyib ki, əgər Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və digər liderlər 50 min Ermənistan vətəndaşının AB-yə getmək istədiyini görsələr, onların da fikirləri dəyişəcək və Ermənistanı daha etibarlı tərəfdaş hesab edəcəklər. Həmçinin onun fikrincə, Paşinyan referendumun keçirilməsi təklifini rədd etməyib.

“Ermənistan baş naziri birbaşa imtina etməyib, “yox” deməyib, amma “hə” də deməyib”, – Sərkisyan vurğulayıb.

"Hraparak"a görə, qərbyönlü siyasi qüvvələr tərəfindən yenidən bu təşəbbüslə çıxış etmək hakimiyyətlə razılaşmanın nəticəsidir.

Nəşr iddia edir ki, proses həm də yeni konstitusiyanın qəbulu və ya dəyişdirilməsi, Ermənistanın beynəlxalq təşkilatlara üzvlüyü və ölkə ərazisinin dəyişdirilməsi ilə bağlı məsələlərin referendum yolu ilə həllini nəzərdə tutur. Söhbət həm də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Rəsmi Bakı bəyan edib ki, belə bir addım atılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil.

Nəşr qeyd edir ki, Aram Sərkisyan və tərəfdarları öz təşəbbüslərini son nöqtədə vətəndaş təşəbbüsü kateqoriyasında yerləşdirməyə çalışırlar. Yəni təşəbbüsün hakimiyyət və ya siyasi qüvvələrdən yox, Ermənistan cəmiyyətindən gəldiyini göstərirlər.

Nəşr hesab edir ki, Nikol Paşinyan öz hakimiyyətini saxlamaq yolunu Rusiya yox, Qərbə üz tutmaqda görür. Yəni xarici siyasət kursu ilə bağlı artıq İrəvanda son qərar verilib.

Referendumun parlament seçkilərindən sonra keçiriləcəyi deyilir. Əgər qərarda dəyişiklik olmasa, seçkilər 2026-cı ilin iyununda keçiriləcək. Seçkilərdən bir il sonra isə referendumunun baş tutacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər