Formula 1 çempionatında “Alfa Romeo”nun zavod komandasının finlandiyalı pilotu Valtteri Bottas Finlandiyada “KymiRing” avtodromunun investoruna çevrilə bilər. Bu tras “MotoGP” çempionatının Finlandiya Qran-Prisinin keçirilməsi məqsədilə yaradılıb, lakin maliyyə problemləri səbəbindən yarımçıq qalıb və iflasa uğrayıb. İndi avtodromu yeni investorlar sayəsində bərpa etmək mümkün olacaq.
Teleqraf.com xəbər verir ki, “Motorsport” Valtteri Bottasın bu sözlərini sitat gətirir: “Mən Finlandiyada normal, beynəlxalq səviyyəli tras görmək istərdim. Lakin iş orasındadır ki, “KymiRing”in sahibləri hazırda müflisləşiblər. Yəni bu, çətin yol olacaq. Lakin mən nədəsə kömək edə biləcəyimi öyrənməkdən ötrü onlarla danışıqlar aparmışam. Hələ ki, bunlar sadəcə danışıqlardır. Finlandiyada qış sərt keçir və bu, o deməkdir ki, trasda işləmək imkanı yoxdur, lakin mən bu məsələni öyrənirəm”.
Bildirilir ki, “KymiRing” 25 milyon avro borc alıb, bununla yanaşı, müqavilə üzrə cərimələr də “MotoGP”nin mərhələsinin ləğvi, eləcə də “Nitro Rallycross” və “World Motocross” seriyalarının keçirilmə yerinin dəyişdirilməsi zərurəti ilə bağlıdır.