10 İyun 2016 15:59
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Formula-1” Grand Prix of Europe könüllüləri ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan FHN Baş əməliyyat idarəsi Əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi polkovnik Cavanşir Həşimov könüllülərin ötən il keçirilmiş birinci Avropa Oyunlarındakı fəaliyyətini yüksək qiymətləndirərək onların “Formula-1” Grand Prix of Europe yarışlarına da cəlb olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, qarşıdan gələn tədbirdə də könüllülərin üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklərindən əminlik ifadə edib.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin arxasında sabitlik və inkişafın dayandığını vurğulayaraq bildirib, idmançılarımızın uğurları ilə yanaşı, könüllülərin fəaliyyəti də Azərbaycan gənclərinin yüksək vətənpərvərlik səviyyəsindən xəbər verir.

Sonra könüllülərə FHN Akademiyasının fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə meneceri Atif Qənbərov yüksək səviyyəli əməkdaşlığa və göstərilən hərtərəfli yardıma görə FHN-ə təşəkkür etmiş və könüllülərin bu təlimlərdən əhəmiyyətli bilgilər əldə edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə FHN-in əməkdaşları “Formula 1” yarışlarında hər hansı fövqəladə hadisə baş verəcəyi təqdirdə atılacaq addımlar, davranış qaydalarına dair məruzələrlə çıxış etmiş, tamaşaçıların təxliyyəsi, ilkin tibbi yardım barədə məlumat veriblər.

FHN-in əməkdaşları könüllüləri maraqlandıran sualları da cavablandırıb.

Tədbirdə şərti xəsarət almış şəxslərə ilkin tibbi yardımın göstərilməsi və yanğınsöndürənlər tərəfindən şərti yanğın zamanı alovun qarşısının odsöndürən balonlar vasitəsilə alınması üsulları əyani göstərilib.
Görüşdə birinci Avropa Oyunlarında fərqlənən könüllülərə FHN adından hədiyyələr də təqdim edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər