“Ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu mənada aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində atılan addımlar xüsusilə təqdirəlayiqdir. Qeyd etdiyim yöndə atılan ən mühüm adımlardan biri sosial mənzillərin tikilməsi barədə verilən qərardır. Azərbaycanın dövlət başçısı cari ildə bilavasitə aztəminatlı ailələrin mənafeyinə yönələn belə bir yeni təşəbbüslə çıxış edib. Söhbət aztəminatlı ailələrin mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasını nəzərdə tutan sosial mənzillərin tikintisi proqramının həyata keçirilməsindən gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O, bildirib ki, ölkədə müəyyən qədər aztəminatlı ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var: “Bəzi ailələrin aylıq gəlirləri isə bazar qiymətləri ilə mənzil almaq üçün yetərli deyil. Dövlət məhz bu kimi məqamları nəzərə alaraq aztəminatlı ailələrin, o cümlədən də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına əməli dəstək verməyi qərara alıb. Ölkəmizdə Sosial Mənzil Fondunun formalaşdırılması tələbatı olan, amma imkanı çatmayan və aylıq əməkhaqqı mənzil almaq üçün yetərli olmayan bütün ailələrin mənzillə təmin edilməsinə imkan verəcək.
Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin maya dəyərinin mövcud bazar qiymətlərindən xeyli aşağı olacağı proqnozlaşdırılır. Aztəminatlı ailələr ayda müəyyən qədər vəsait ödəməklə təxminən 20 il ərzində mənzillərə sahib olacaqlar. Bütün bunlar dövlətin öz vətəndaşlarına qayğısının bariz ifadəsidir”.
NEMƏT