“Dünya gözləyir ki, seçkilərdə Hillari Klinton qələbə çalacaq. Sosioloji sorğularda da Klinton rəqibi Trampdan irəlidədir. Ancaq sürpriz nəticə çıxsa, daha doğrusu, Tramp seçkiləri udsa, dünya birjalarında, biznes çevrələrində, maliyyə bazarlarında ciddi çalxalanmalar baş verəcək. Bu zaman ola bilsin ki, ABŞ dolları bir qədər zəifləsin və ya ucuzlaşsın. Belə olacağı təqdirdə dünya birjalarında, maliyyə bazarlarında bir həftə təlatüm yaşana bilər. Dollar tədricən zəifləyə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli “ABŞ-da sabah keçiriləcək prezident seçkiləri dünya maliyyə bazarlarına, biznes çevrələrinə və birjalara hansı təsirlər göstərə bilər” sualını şərh edərkən deyib.
Cəfərli deyib ki, əgər seçkilərdə sürpriz olmasa və Klinton qələbə çalsa, bu o deməkdir ki, dekabrda FED faiz dərəcəsini artıracaq və dollar güclənəcək: “FED-in toplantısına qədər də maliyyə bazarlarında və birjalarda dollar bir qədər möhkəmlənəcək. Donald Tramp qalib gəlsə dünya bazarlarında ciddi dalğalanma baş verəcək, təlatüm yaşanacaq. Bu mənada seçkilərin dollara təsiri özünü iki formada göstərə bilər. Bu birbaşa kimin prezident seçilməsi ilə əlaqəli olacaq”.
Yeri gəlmişkən, türk iqtisadçıları Natiq Cəfərlidən fərqli olaraq hesab edirlər ki, əgər Klinton qələbə çalsa dollar sabit qalacaq, Tramp qalib gəlsə isə bu dolların bir qədər də bahalaşmasına səbəb olacaq.
Cəfərli isə deyir ki, onun özü də, türkiyəli mütəxəssislərin bu rəyi ilə tanışdır: “Mən buna Blomberqin Türkiyə kanalından baxmışam. Bu yanaşma daha çox Türkiyə ilə bağlıdır. Söhbət ondan gedir ki, həmin mütəxəssis türk iqtisadçılarının “sıcaq para” dediyi məqamı nəzərə alaraq belə düşünür. Yəni Türkiyəyə daxil olan və ölkədən də tez zamanda çıxan maliyyədən. Onlar haqlı olaraq düşünürlər ki, əgər Tramp qalib gəlsə inkişaf etmiş ölkələrdən, o cümlədən Türkiyədən ciddi valyuta axını, geriçəkilmə olacaq. Başqa sözlə, iş adamları qiymətli kağızalarda olan valyutalarını geri çəkəcək. Üstəlik Trampın qalib gəlsə, müsəlman dünyası ilə ABŞ prezidenti arasında münasibət kəskinləşəcək. Bu mənada Türkiyə-ABŞ münasibətləri də gərginləşə bilər. İqtisadçılar bunu nəzərə alaraq sırf Türkiyə üçün ciddi problemlərin yaşanma ehtimalından danışırlar. Fikrimcə, bunda haqlıdırlar. Türkiyənin xüsusiyyətləri var. Ancaq dünyada gözləntilər başqadır. Odur ki, Tramp qalib gələcəksə birjalarda ciddi çalxalanmalar ola, qızılın qiyməti kəskin bahalaşa bilər. Qeyri müəyyənlik dövründə adətən qızılın qiyməti bahalaşır”.
Ekspert xatırladıb ki, bu gün Federal Təhlükəsizlik Xidməti prezidentliyə namizəd Hillari Klintonla bağlı açılan cinayət işinin bağlandığını elan edib: “Bu dünyada dolların bahalaşması və qızılın ucuzlaşması ilə müşayiət olunur”.
NEMƏT