Teleqraf.com-un suallarını yazıçı Seyran Səxavət cavablandırıb:
- Seyran müəllim, 2017-ci il sizin üçün necə başladı? Bu ildən nə gözləyirsiniz?
- 2017-ci il mənim üçün yaxşı başlamadı. Çox əziz bir dostumu, Azərbaycanın böyük şairi, son dərəcədə tərbiyəli insanı – Camal Yusifzadəni itirdik. 1973-cü ildən dost idik.
Bu ildən gözləntimə gəlincə, səmimi desək, fərd olaraq özüm-özümdən bir şey gözləmirəm. O ki qaldı il dediyimiz mücərrəd şeydən nə gözləyə bilərəm? Nə olacaqsa, görəcəyik.
- Yazanda əvvəlcədən plan qurursunuzmu?
- Ədəbiyyat təkplanlı təsərrüfat deyil. Ədəbiyyat özü adamı idarə edir. Dolursansa yazırsan... İndi dostum, gözəl yazıçımız, jurnalist Fazil Abbas Yazıçılar Birliyində mənimlə üzbəüz dayanıb, gülümsəyir, hiss edirəm ki, mən düz deyirəm (gülür).
- Qarabağlı yazıçı kimi Qarabağla bağlı arzularınızı duymaq istərdik...
- Bu sualın elə nəhəng cavabı var ki... Azərbaycan camaatı nə arzulayırsa, mən də onu arzulayıram. Qarabağı qaytarmaq, almaq arzum var. İndi qonum-qonşuya, qardaşa borc pul verirsən, qaytarmır, o boyda Qarabağı erməni bizə qaytarmaz axı, gərək alaq!
- Ötən il aprel döyüşlərində torpaqlarımızın bir hissəsini geri aldıq. Sizcə, bu il də o formada davam etməliyik?
- İstəyirəm qansız-qadasız, davasız, şəhid vermədən öz halal haqqımıza – Qarabağımıza qovuşaq. Nə qədər imkan var, problemin sülhlə həll olunmasını arzulayıram. Ya Allah, ya Allah deyirik ki, donuz darıdan çıxsın. Amma heç vaxt donuzun “ya Allah” çağırışı ilə darıdan çıxdığını görməmişəm. Qarabağı sülhlə qaytarmaq ehtiyatımız tükənsə, onda yeganə yolumuz o olacaq ki, aprel döyüşlərindəki kimi onları əzə-əzə çıxıb gedək, Qarabağı sarımsaq iyi verən ermənilərdən təmizləyək.
- Sizcə, Qarabağ probleminin Rusiyasız həlli mümkündürmü?
- Yox, mümkün deyil. Qarabağın açarı Rusiyanın cibindədir. Siyasəti elə qurmalıyıq ki, Rusiya cibindəki Qarabağ açarının bir “kopyası”nı çıxarıb bizə versin. “Gənclik”də açarların “kopya”sını çıxarırlar ha, bax o cür. Zamanın gərdişindən də çox şey asılıdır. Sabah elə bir şey ola bilər ki, Rusiyanın başını qarışdırarlar, nəinki Ermənistan, dədəsi İvan da yadına düşməz. Onda biz iki günə vurub dağıda-dağıda haracan lazımdısa, ora gedərik.
- Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Rusiyanın siz dediyiniz duruma düşmə ümidləri azalıb sanki...
- Amerikada olmuşam, amma Trampla oturub-durmamışam. İşə başlasın görək necə olacaq. 100 gündən sonra onun yönü, marşrutu bilinəcək ki, üzü hayanadır – bizədir, cəhənnəmədir, cənnətədir, günahadır, yoxsa savaba.
- Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığına dair bəyanatına cəmiyyətdə kəskin təpki göstərildi. Sizin reaksiyanız necədir?
- Mənim də reaksiyam kəskindir. Lavrov bu gün var, sabah yoxdur, özü də erməni əsillidir, damarında erməni qanı axan birisidir, onun deməyi ilə deyil ki. Bayaq dediyim kimi – Rusiyanın, eləcə də, Lavrovun başı elə qarışar ki, bilməz haradan gəlib haradək gedəcək. Sovet vaxtının pioner uşaqları vardı ha, o pionerlər Lavrovdan daha ağıllı və diplomatik bəyanat verərdi. Çax-çax və dəyirman məsələsidir də. Düzdü, sözləri adama yer elədi, acıq gəldi. Fazil Abbas xatırladır ki, Abşeronda hərbi şəhərciyin açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Lavrova necə lazımdısa, cavab verdi. Dedi ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Bizim hamımızın adından prezident danışır da, elə deyil? Biz də onun cavabını dəstəkləyirik, Fazil Abbas da, mən də. Fazil Abbas yanımda suallara qulaq asır, mənə də cavab verməkdə kömək edir.
- Qardaş Türkiyədə baş verənləri izləyirsinizmi?
- Bir xəbər çıxmışdı ki, ərəblər oteldə qadınlarımıza qarşı əxlaqsız təkliflər edib. Bu barədə geniş müsahibə də verdim. Turizm adı altında Azərbaycanı barxanaya çevirmək olmaz. Biz o yolu keçmişik – xaricə iş üçün getmişik. Mən özüm İranda işləmişəm. Kremldə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsində bizi qəbul elədilər, bir sənədə qol çəkdirdilər ki, getdiyiniz ölkənin adət-ənənəsinə hörmət eləməlisiniz. Bir evə qonaq gedəndə ev yiyəsinə hörmətlə yanaşmalısan da, elə deyil? Turizmin, 5-10 manatın xatirinə ərəbləri başlı-başına buraxa bilmərik axı. Azərbaycan tolerant, kultural dəyərlərlə yaşayan ölkədir, qucaq açanda diqqət eləməliyik.
Sualınıza gəlirəm: Türkiyə 2 milyona yaxın Suriya qaçqınına qucaq açdı. 2 milyon insanın içində bilmək olmaz, kim terroristdir, kimlər doğrudan ağır vəziyyət ucbatından Türkiyəyə üz tutub. Türkiyə öz humanist əxlaqı ilə kor-koranə qaçqınlara qucaq açdı, indi terror məngənəsində əzilir. Xaricdən bizim ölkəyə istər turist, istərsə də diplomat olsun, bilməliyik ki, evə kim gəlir. Əvvəllər, azərbaycançılıq çox güclü idi, deyirdilər ki, filan kişi bizim evin adamıdır, evə buraxılmalı adamdır. Düzdür, bu, xalqın münasibətidir, psixoloji dəyərinin marşrutudur, amma burada böyük həqiqət var. Müstəqil ölkəyik, kim qonaq gəlirsə, bilməliyik ki, kimdir, nədir və nə üçün gəlib. Turist adıyla hamını ölkəyə buraxmaq olmaz. Bir nəfər qonaq gedirmiş, yolçu axşama düşür, kənddə birinin qapısını döyür, qapını qadın açır, soruşur ki, nə lazımdır, ay qardaş. Yolçu da qayıdır ki, Allah qonağıyam, gecəyə düşmüşəm, kişin evdədir? Qadın cavab verir ki, yox. Yolçu deyir, onda mən getdim. Qadın yolçunu saxlayır ki, getmə, gəl qal, kişinin evdə olmağı vacib deyil, əsas odur gələn qonaq kişi olsun. Yəni bunların hamısı nəzərə alınmalıdır.
- İsrail baş naziri Binyamin Netanyahu İran xalqına dostluq mesajı verib və pozitiv ruhda müraciət ünvanlayıb. İran xalqına bələdsiniz, sizcə, sadə iranlıların bu müraciətə reaksiyası necə olacaq?
- Bax bunu deyə bilmərəm. Mən Şahın dövründə İranda olmuşam, o zaman başqa rejim idi, indi tamam başqa rejimdir. Nə isə deyərəm, yanlış olar. Bütün yanlışlar da naxış deyil. Ona görə bu suala cavab vermək istəmirəm. 1976-cı ildə İrandan çıxıb gəlmişəm, ondan sonra nə qədər şeylər dəyişib. İrandan təzə gəlsəydim, danışa bilərdim.
- Nə əcəb sonralar heç getməmisiniz?
- Bir dəfə təyyarə ilə səfər üçün dəvət göndərdilər, dedilər ən yaxşı oteldə qalacaqsan, imtina elədim, dedim İran mənim yadımda gözəl qalıb, indi o təəssüratımı korlamaq istəmirəm. İranda olanda cavan idim, 24 yaşım vardı, məni yenidən dəvət edəndə isə 65 yaşındaydım, niyə gedib təəssüratımı korlayım ki?
Nərgiz Ehlamqızı