31 Mart 2017 15:29
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 il öncə ərsəyə gətirdiyi Qarabağ xanlığının yaradıcısı və ilk xanı Pənahəli xanın heykəlinin qonorarını Mədəniyyət və Turizm Nazirliyindən ala bilməyən tanınmış heykəltəraş Cümşüd İbrahimovla həmsöhbət olmaq üçün emalatxanaya baş çəkdik.

Emalatxanadakı işlərin çoxluğundan, bir az da darısqallıqdan dolayı Cümşüd bəy Pənahəli xanın heykəlinə başqa bir ofisin küncündə yer ayırıb. 1 metr 70 santimetr hündürlüyündə olan heykəlin maketinin 25 illik nakam ömrünə beləcə işıq tutduq:

-Cümşüd bəy, gəlin başdan başlayaq. Pənahəli xanın heykəlini hazırlamaq sifarişini nə vaxt aldınız?

-1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı, Mədəniyyət Nazirliyinin sifarişi ilə Şuşada Pənahəli xanın at üstündə abidəsinin hazırlanması mənə həvalə olundu. İlyarım eskiz hazırladım, daha sonra məsələ rəsmiləşdi. 1991-ci ildə isə nazirliklə müqavilə bağlandı. Rəhmətlik akademik, görkəmli memar Mikayıl Hüseynovla birgə hazırladığımız layihəni Bədii Şura yüksək qiymətləndirdi.

Bu gördüyünüz model 1 metr 70 santimetr hündürlüyündə işçi modeldir. Bu, 10 metr hündürlüyündə böyüdülməli, postamenti isə 15 metr hündürlüyündə olmalı idi. Mən bu işlə məşğul olan zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi. O vaxt heykəlin yerinin müəyənləşməsi ilə bağlı Şuşaya ezamiyyətə getdim, yerli rayon rəhbərləri, ziyalılarla görüşdüm. Rəhmətlik Mikayıl Gözəlov heykəlin qoyulacağı yeri müəyyənləşdirmək üçün tapşırıq verdi.

Bir neçə yerə baxdıq və qərara gəldik ki, heykəl Şuşa qalasında Gəncə Qapısı istiqamətində qoyulsun. Heykəlin maketini Polad Bülbüloğlu da, müavini də çox bəyəndi.

Sonra məlum Qarabağ müharibəsi baş verdi, Şuşanı itirdik, uzun illər susdum. Çünki bir ziyalı kimi xalqın çətin günlərdən keçdiyini görürdüm. Hərçənd mənə demişdilər ki, tezliklə qonorarını alacaqsan. Amma mən heç nə ala bilmədim.

-Adətən işə başlamaq üçün müəyyən məbləğ ödənilir...

-Xeyr, mənə nə layihənin, nə də modelin pulu verilib. Mən hətta təklif edirdim ki, maketi gipsə, daha sonra bürüncə keçirib İncəsənət, ya da Tarix Muzeyində eksponat kimi nümayiş etdirək. İdeyam bəyənilmişdi də, mənə dedilər ki, bunun üçün lazım olan məbləği yaz, işə başlayaq. Maraqlandım, məlum oldu ki, heykəli bürüncə keçirmək 50 minə başa gələcək. Müəllif qonorarı bu məbləğdən xeyli artıq olmalıdır.

Məbləği onlara deyəndə mənə yazılı məktub gəldi ki, biz büdcə təşkilatı olduğumuz üçün bu qədər maliyyəmiz yoxdur. Bu, axı necə ola bilər? Birincisi, heykəli hazırlamaq Nazirlər Kabinetinin qərarıdır. Smeta hazırlanıb, müqavilə bağlanılıb. Siz müqavilə öhdəliyini yerinə yetirməyib, pul köçürməmisiniz. O səbəbdən mən indiyə kimi qonorarımı ala bilməmişəm.

İki dəfə nazir Əbülfəs Qarayevin qəbulunda olmuşam. Mənə söz verdi ki, məsələni həll edəcək, amma sözünü yerinə yetirmədi. Mərdi qova-qova namərd günə qoydular, axırda mən də məhkəməyə müraciət etdim.

Onlar məhkəməyə gəlmədi, mənimsə əlimdə faktlarımın olmasına baxmayaraq iddiam rədd edildi. Mən apellyasiya məhkəməsinə müraciət etdim. Məhkəmə baş tutdu. Mədəniyyət və Turizm Nazirliyindən nümayəndə gəlməDi. Mənə izah etdilər ki, birinci instansiya düzgün qərar verməyib, işə mahiyyəti üzrə baxılmayıb. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı ləğv olundu. İşə yenidən baxılacaq. Ümidvaram ki, məni başa düşüb, ədalətli qərar verəcəklər.

-İlk dəfə nə zaman məhkəməyə müraciət etdiniz?

-Ötən il. Bu məsələni indiyə qədər gündəmə gətirmirdim ki, bu, millətə, xalqa ləkə gətirən bir məsələ kimi qarşılanar. Şuşa, Qarabağla bağlı layihələrə bu qədər pullar ayrılır, amma Məşədi İbadın hambalının sözü olmasın, mənim bir abbasımı vermirlər.

-“Bir abbası”nız hansı məbləğlə ölçülür?

-10 min manatdan 100 min manata qədər. Bu, sonra müəyyələşəcək məsələdir. Ona qədər görülməli işlər var. Bu maketin qonorarı Koroğlunun, Babəkin maketinin qonorarından az olmalı deyil. Çünki Nazirlər Kabinetinin qərarıdır. Hazırlamışam, amma 25 ildir gözləyirəm. Nə qədər əzab çəkmişəm...


Sizə hətta bir faktı deyim, mən sonra bildim ki, nazirlikdə bu işlə bağlı akt tərtib olunub. Hətta o pul alınıb. Pulu da Mikayıl müəllimin adına yazıblar. Guya Mikayıl müəllim o pulu alıbmış. Mən isə bu fakta inana bilmirəm. Mikayıl müəllim elə görkəmli şəxsiyyət idi ki, belə bir hərəkəti heç vaxt etməzdi. Hətta biz bir heykəli hazırlayanda qonorarını almaq üçün neçə aydan sonra onu imza üçün məcburi kassaya aparmışdım. Yoxsa o özbaşına gəlib pulu alan insan deyildi.

O aktı mənə göstərməyi israrla xahiş etdim. Amma boyun qaçırdılar. Sonra Dövlət Arxivinə müraciət etdim, orda bu haqda heç bir məlumat olmadı. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin arxivinə müraciət etdim, çox çətinliklə aktı tapdım.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Qasımov içəri girdi, arxivə gəldiyimə görə etirazını bildirdi, sənədləri əlimdən aldı, polis çağırıb məni otaqdan çıxartdı. Ötənlərdə də onun qəbulunda oldum, dedim ki, nə qədər gec deyil, sənədin surətini mənə təqdim edin. Verməsəniz, məhkəmənin sorğusu ilə bunu edəcəm. Vəsatət qaldırıram, sənəd gəlməsə məhkəməni dayandırıb, işi prokurorluğa keçirəcəm.

Qarabağ üçün, Şuşa üçün belə bir iş görmüşəm, təşəkkür etmək əvəzinə məni bu əziyyətə düçar edirlər. Dəhşətdir.


-25 ildir bu maketi saxlayırsınız. Daha nə qədər bu vəziyyətdə qala bilər?

-Bunun içərisi gips və metal karkasdan ibarətdir. Üzərini plastilində işləmişəm. Kimsə toxunanda qırılır, yenidən düzəldirəm. Mən təklif etdim ki, heç olmasa öncə gips halına salaq, sonra bürüncə keçirərik. Mən bu işdə məsuliyyət daşıyan hər kəsə müraciət edirəm: söhbət Şuşadan, Qarabağ xanı – Pənahəli xandan gedir. Belə adalətsizlik olmaz.

-Cümşüd bəy, sonda istərdik, Pənahəli xanın məhz bu formada təqdim etməyinizin alt qatında olan ideyadan danışardınız.

-Pənahəli xanın əlində gördüyünüz bu toppuzu öncə qılınc formasında vermişdim. Daha sonra toppuz versiyası üzərində dayandım. Xan toppuzu səlahiyyət rəmzidir. Yəni Qarabağın xanı mənəm.

O əlini şəhərə - Şuşaya, həmçinin Ermənistana uzadır. Demək istəyir ki, o torpaqlar da bizimdir. At Pənahəli xanın hisslərini duyub, qabaq ayaqlarını şahə qaldıraraq düşmənləri tapdalamağa hazır vəziyyətdədir.

Əlbəttə, bu, hələ eskizdir, böyüdülmüş versiyada detallar, cizgilər daha dəqiq işlənməlidir.

Nərmin Muradova
Fotolar Elçin Murad


Müəllif:

Oxşar xəbərlər