15 İyul 2017 13:37
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul hadisələri baş verəndə Türkiyə bir daha hiss elədi ki, onun regionda ən yaxın silahdaşı, tərəfdaşı, qardaşlıq münasibətində olduğu dövlət məhz Azərbaycandır. Dünən Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub və ümumilikdə bu proseslərə münasibəti təqdirəlayiq haldır.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov tam şəkildə məktubun açıqlamasını verdi və onun yaranma tarixçəsini danışdı, o müdhiş gecədə səhərə qədər cənab prezidentin ciddi sarsıntı yaşadığını söylədi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev 2016-cı il 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı danışarkən qeyd edib.

Arzu Nağıyev qeyd edib ki, 1993-94-cü illərdə bu prosesləri Azərbaycan yaşayıb, ölkəmizin feodallıqlara bölünməsi, müxtəlif qrupların hakimiyyət uğrunda mübarizəsi, kiçik çevrilişlərə cəhd keçdiyimiz mərhələlərdir: “Biz bu mərhələlərdən sonra bir nəticə çıxardıq ki, dövlət və dövlətçilik hər şeydən üstündür, bu bayrağı, gerbi, dövləti qorumaq əsas məsələmizdir.

Təbii ki, ulu öndər Heydər Əliyevin siyasi kursu, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda dövlətçiliyi saxlamaq mümkün olub. Bu prosesləri keçən dövlət kimi Azərbaycan FETÖ-nün hansı problemlər yaradacağını öncədən görürdü. Ola bilsin ki, müəyyən məqamdan sonra bu xoşagəlməz dalğa Azərbaycana da keçə bilərdi. Rəhbərlik başda olmaqla Azərbaycan hərtərəfli şəkildə bu prosesin qarşısını alınmasında Türkiyəyə dəstək oldu”.

Politoloqun sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan arasında çox isti münasibətlər var: “Türkiyə ilə bizim həm dostluğumuz, həm də maraqlarımız eyni nöqtəyə vurur. Dövlət başçıları arasında münasibətdən də müsbət nəticə çıxarmaq mümkündür. Ankarada partlayış olanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməli idi, səfər təxirə salındı. Heç bir protokola uyğun olmayaraq Azərbaycan dövlət başçısı Türkiyəyə getdi, Ərdoğanla görüşüb həmkarının yanında olduğunu söylədi və dəstəyini ifadə elədi.

Bütün bu proseslər müsbət hal kimi qiymətləndirilməlidir. Başa düşürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə birinci dəstək olan, beynəlxalq tribinalardan sözümüzü deyən, NATO-nun üzvü olan Türkiyə kimi böyük dövlət bizimlə dostluq edir. Burada söhbət təkcə siyasi, hərbi, iqtisadi məsələlərdən yox, ümumi məsələlərdən gedir.

Son vaxtlar ölkələrimizin keçirdiyi birgə taktiki təlimlər də böyük rezonans doğurmuşdu. Bütün bunları nəzərə alaraq qeyd etməliyəm ki, Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir, biri-birimizə dəstək məsələsi ön plandadır, daim belə olub, bundan sonra da olacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər