18 İyul 2017 16:13
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra siyasi partiyalar yay mövsümündə məzuniyyətə çıxmaq qərarı versə də, bu il seçki ili olmamasına rəğmən, tətil etməyən təşkilatlar da var. Teleqraf.com partiyaların yay tətili proqramları ilə bağlı sorğu keçirib.

YAP-çılar istirahətsiz çalışacaq

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbər strukturu yay mövsümündə də işləyəcək. Partiyanın İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hesabat-seçki yığıncaqlarının davam etdiyini söyləyib: “84 rayon-şəhər təşkilatımız var, bunlardan 61-də işləri başa çatdırmışıq, 23 təşkilatda ilin sonunadək yığıncaqları yekunlaşdıracağıq. Yerli strukturlarla bağlı sistemli iş aparılır. YAP üzvlərinin sayı artır, artıq üzvlərimizin sayı 700 min nəfəri ötüb. Bu baxımdan partiya işləri mütəmadi gedir, istirahət yoxdur, daim iş başındayıq”.

BAXCP 1 aylıq tətilə çıxır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksionerləri ənənəvi olaraq 1 ay müddətinə yay tətilinə çıxır. Partiya sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı 15 ildən artıqdır bu ənənənin davam etdiyini və avqust ayında partiyada tətil olduğunu deyib: “Partiyanın rəhbər strukturları, İcra Aparatının rəhbərliyi, İdarə Heyətinin üzvləri 1 ay boyunca məzuniyyətə gedir. Məzuniyyət müddətində fövqəladə hadisə olarsa, dərhal toplanırıq. Təqvimə uyğun olaraq tədbirlər də davam edir. Avqustun 22-də Əbülfəz Elçibəyin vəfat günündə başda liderimiz Qüdrət Həsənquliyev olmaqla məzarını ziyarət edəcəyik”.

Müsavatçılar istirahətini regionlarda keçirir

Müsavat Partiyası isə cari fəaliyyəti ilə məşğuldur. Partiya sədri Arif Hacılı müəyyən dövrdə rəhbər strukturun təmsilçilərinə sərbəst iş qrafiki verildiyini və müsavatçıların respublika ərazisində dincəldiyini qeyd edib: “Partiyamızda fəaliyyətin dayandırılması halları bir qayda olaraq baş vermir. Ölkədə, regionda baş verən, Azərbaycana aid olan bütün məsələləri müzakirə edib qərarlar qəbul edirik. Rayon təşkilatlarının konfransları davam edir, təbliğat və informasiya işinin daha yaxşı qurulması istiqamətində çalışırıq”.

KXCP-nin yay planı yoxdur

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu partiya təmsilçilərinin kütləvi tətil keçirmədiklərini və istirahətlə bağlı xüsusi planları olmadığını bildirib: “Kimin işi olursa, müvafiq olaraq 1 həftəlik, 10 günlük öz işinin dalınca gedir, qərargaha gəlmir. Srağagün Azərbaycan Xalq Cəbhəsinin təsis olunmasının 28 illiyini qeyd etdk, Ali Məclisimizin iclası baş tutdu, avqustun 22-də Əbülfəz Elçibəyin vəfatı ilə əlaqədar “Savalan ziyarəti” adlı tədbirimizi keçirəcəyik. Hər il ənənəvi olaraq Bəyin vəfatından sonra bu tədbiri təşkil edirik. Təqvim planına uyğun olaraq işlərimizi görəcəyik”.

Partiya sədri yayda Qurani-Kərimin izahı ilə məşğul olacaq

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da partiyasının yay üçün əvvəlcədən müəyyənləşmiş planı olmadığını söyləyib: “Hava həddən artıq istidir. Adətən, yay aylarında siyasi və sosial fəallıq aşağı düşür. Ona görə də hansısa tədbirlər keçirməyi planlamamışıq. Qurani-Kərimin izahı ilə bağlı proyektim var və onun üzərində işləyirəm. Partiya funksionerləri isə cari siyasi fəaliyyətlə məşğuldurlar, digər partiyalarla müəyyən məsləhətləşmələr aparırlar”.

VHP qurultaya hazırlaşır

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, yay aylarında əsasən, qurultaya hazırlaşacaqlar: “Mərkəzi İcra Aparatının 26 nəfər işçisi var və onlara Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyət verilir. Partiyanın ictimai əsaslarla fəaliyyət göstərən Siyasi Şura üzvləri, şöbə müdirləri istəklərinə uyğun olaraq dincəlməyə gedirlər. Siyasi Şuraya 1 ay müddətinə məzuniyyət verilir. Adətən, konfranslarımızı yaya saxlayırıq, artıq hansı rayonda nə zaman konfrans keçirəcəyimizi planlaşdırmışıq. Hazırda Bakı şəhəri üzrə rayon təşkilatlarının konfransları keçirilir, bitdikdən sonra isə müvafiq olaraq digər konfranslar baş tutacaq. Eyni zamanda təqvim planına uyğun olaraq digər işlərimizi də görəcəyik”.

VİP seçki hazırlığındadır

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin sözlərinə görə, tətilə avqustun sonu çıxacaq: “Elmi fəaliyyətimlə bağlı bəzi işlərim var. Növbəti cədvəl üzrə seçkiyə hazırlaşırıq. Son prezident seçkilərilə bağlı görülən işləri nəzərdən keçirib sistemləşdiririk. O vaxt fərqlənən şəxslərin siyahısı seçilir və zəif işləmiş strukturlar təsnif edilir. Sonuncu Məclis toplantısında seçkilərə hazırlıqla bağlı qərar qəbul etmişik”.

ReAL-çılar regionlara səfər edəcəklər

Respublikaçı Alternativ (ReAL) Hərəkatının funksionerləri isə yay mövsümündə regionlara intensiv səfərlər nəzərdə tutur. ReAL-ın icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, şənbə günləri təşkilatın ənənəvi mühazirələri davam edəcək: “Bakı, Sumqayıt, Abşeronda deyil, regionlarda yaşayan üzvlərimiz və tərəfdaşlarımızla təmas qurmağa çalışacağıq. Yayın sonunadək təqribən 7-8 regiona səfərlər planlaşdırılıb. Ofisdə gündəlik işlərlə məşğul olan insanlar növbəli şəkildə istirahətə gedəcəklər. İstirahət, əlavə güc toplamaq və istirahətin verdiyi rahatlıqla daha effektiv çalışmaq mümkündür”.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər