12 Sentyabr 2017 09:16
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin dünənki qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barədə seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Bəs, ev dustaqlığı qətimkan tədbiri nədir? Barəsində bu növdə qətimkan tədbiri seçilən şəxsin hansı hüquqları olur, hansılar məhdudlaşdırılır?

Teleqraf.com xəbər verir ki, ev dustaqlığı ilə bağlı məsələ Cinayət-Prosessual Məcəllədə öz əksini tapıb. Məcəllənin 163-cü maddəsi ev dustaqlığına həsr olunub.

Maddədə ev dustaqlığının tərifi belə verilir:

“Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir”.

Məcəllədə bildirilir ki, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.

Ev dustaqlığını ayrı-ayrılıqda tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər:

– yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağa qoyulması;

– telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;

– müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağan qoyulması;

– elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması;

– nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması;

– təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi;

– təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi.

– Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası Cinayət-Prosessual Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.

Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.

Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə Cinayət-Prosessual Məcəlləsinin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.

Məcəllənin 157.8-ci maddəsində isə bildirilir:

Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız aşağıdakı hallarda xitam verə bilər:

– təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda;

– 157.8.2. təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda.


Müəllif: Səxavət

Oxşar xəbərlər