27 Dekabr 2017 08:55
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yol xəttinin bərpası ilə bağlı Ermənistanla danışıqlar aparması bu ölkənin Azərbaycanla strateji münasibətlərinin əleyhinə yönəlmiş xəyanətə bərabər bir addımdır.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Yaşar Kələntərli Teleqraf.com-a açıqlamasında deyib.

BAXCP-nin baş katibi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri nəticəsində Gürcüstanın bir dövlət olaraq öz mövcudluğunu qoruyub saxladığını, qlobal enerji və nəqliyyat dəhlizlərinin önəmli bir hissəsinə çevrildiyini xatırladıb:

“Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərləri Gürcüstanın ağır iqtisadi-siyasi böhrandan çıxmasına imkan yaradıb. Azərbaycanın təbii resursları və ölkəmizin bu təbii resusrların dünya bazarına çıxarılması ilə bağlı təşəbbüsləri sayəsində Gürcüstan iqtisadi və siyasi cəhətdən sabit ölkəyə çevrilib. Dünyada baş verən maliyyə böhranına, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Gürcüstan iqtisadiyyatına davamlı olaraq sərmayələr yatırır və bu ölkənin bir nömrəli investorudur. Təkcə bu ilin 9 ayı ərazində ölkəmiz Gürcüstanın iqtisadiyyatına 378 milyon ABŞ dolları civarında investisiya yatırıb. Gürcüstanda fəliyyət göstərən Azərbaycan şirkətləri təkcə bu dövlətin iqtisadi inkişafına töhfə verməklə kifayətlənmir, eyni zamanda çoxsaylı sosial layihələr həyata keçirirlər”.

Yaşar Kələntərli 2008-ci ildə baş verən müharibə zamanı bütün çətinliklərə və risklərə baxmayaraq, Azərbaycanın Gürcüstana göstərdiyi yardımlardan da söz açıb:

“2008-ci ildə Gürcüstan dövlətçiliyi üçün həyati əhəmiyyət kəsb edən bir dönəmdə Azərbaycanın bu ölkəyə verdiyi dəstəyi unutmaq, Azərbaycan ərazilərini işğal edən Ermənistanla sövdələşməyə getmək isə layaqət hissinin tamamilə itirilməsidir”.

BAXCP-nin baş katibi qeyd edib ki, Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yol xəttinin bərpası istiqamətində Ermənistanla aparılan danışıqlar, eyni zamanda Gürcüstanın öz milli maraqları və ərazi bütövlüyünün əleyhinə yönəlmiş bir addımdır:

“Bu dəmir yolu xəttinin 190 km hissəsi Gürcüstanın işğal olunmuş bölgəsindən – Abxaziyadan keçir. Dəmir yolu xəttinin bərpası ilə razılaşmaq son nəticədə Gürcüstanın işğal və ərazilərinin itirilməsi faktı ilə barışması anlamına gələcək”.

Yaşar Kələntərlinin sözlərinə görə, Gürcüstanı qlobal nəqliyyat dəhlizlərinin önəmli bir hissəsinə çevirən, Azərbaycanın investisiyası hesabına inşa edilmiş Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin açılışından sonra Ermənistanla sövdələşməyə getmək, gürcü xalqının da tez-tez söz açdığı qafqazlı əxlaqına və təbii ki, Azərbaycan və gürcü xalqlarının tarixi münasibətlərinin mahiyyətinə sığmır.

BAXCP təmsilçisi qeyd edib ki, əgər Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yol xəttinin bərpası reallığa çevrilərsə, Azərbaycan xalqı bu xəyanəti heç vaxt bağışlamayacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər