4 Yanvar 2018 10:39
3 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il dekabrın son günlərində İranda hökumət əleyhinə etiraz aksiyaları başladı.

Teleqraf.com xəbər verir ki, rəsmi mənbələrin məlumatına əsasən, hüquq mühafizə orqanları ilə toqquşmalar nəticəsində polislər də daxil ən azı 20 adam öldü, 450-dən çox insan saxlanıldı.

Ölkədə nümayişlərə qarşı hökumət tərəfdarlarının da çoxminlik mitinqləri başladı. Aktivistlərin fikrinə görə, iqtisadi problemlər İran xalqının islam inqilabının müdafiəsi prinsiplərinə təsir göstərə bilməz.

Necə baş verdi

Dekabrın 28-də hökumət əleyhinə aksiyalar qiymətlərin qalxmasına etiraz motivi ilə başladı.

Qərb mediası İranın İnstaqram və Teleqram kimi sosial şəbəkələrə girişi məhddlaşdırdığını yazdı. Teleqramın yaradıcısı Pavel Durov əngəlləməni təsdiqlədi.

Bir müddət sonra ölkə mediası parlamentin beynəlxalq siyasət və təhlükəsizlik komitəsinin üzvü Əlirza Rəhiminin açıqlamasını yayımladı. O bildirirdi ki, İran hökuməti yanvarın 5-dən Teleqram və İnstaqram sosial şəbəkələrinə girişə qoyulmuş qadağanı ləğv edə bilər.

Yanvarın 1-dən İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayaraq, ölkədə etirazların nəzarət altına alındığını elan etdi.

Yanvarın 3-də İran mediası Həmədan şəhərində Avropa ölkəsinin vətəndaşının saxlanılması ilə bağlı informasiya dərc etdi. İstintaq həmin şəxsin çaxnaşmaların təşkilatçısı olduğunu iddia edir.

Ölkə hakimiyyəti nümayişləri necə qiymətləndirdi?

İran Prezidenti Həsən Ruhani ölkə vətəndaşlarının etiraz haqqının olduğunu bildirib. O deyib ki, nümayişlərə səbəb ölkədaxili problemlər və xarici müdaxilədir. Prezident qeyd edib ki, etirazları dayandırmaq üçün problemin kökünə gedib çıxmaq vacibdir.

İranın dini lideri Əli Xameneyi bəyan edib ki, düşmənlər İran hökumətinə problem yaratmaq üçün etirazlar üsulundan istifadə edirlər.

İranın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxaninin sözlərinə görə, aksiyalar xalqın iqtisadi problemləri səbəbindən başlayıb. Ancaq baş verən toqquşmalarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanının əli var.

Etiraz aksiyalarına dünya necə reaksiya göstərdi?

Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Moskvanın etiraz aksiyalarının İranın daxili işi hesab etdiyini bildirib: “Ümid edirik ki, vəziyyət qan tökülmədən həll ediləcək. Xarici müdaxilə qəbuledilməzdir”.

Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov deyib ki, Astana İrandakı hadisələri yaxından izləyir və rəsmi Tehranı təmkin göstərməyə, problemi dinc yolla həll etməyə çağırır.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrandakı hadisələrdə ABŞ Prezidenti Donald Trampı və İsrail Baş naziri Benyamin Netanyahunu ittiham edib. O qedy edib ki, İrandakı sakitlik Türkiyə üçün çox vacibdir.

İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib ki, etirazlar İranın daxili işidir.

BMT-nin Baş katibi Antonio Quttereş İranda etiraz aksiyaları zamanı insan ölümünə təəssüfləndiyini bildirib və Tehranı güc tətbiq etməkdən çəkinməyə çağırıb.

BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn nümayişlər zamanı güc tətbiqinin araşdırılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, hökumət küçə nümayişlərini ehtiyatlı şəkildə həll etməlidir.

ABŞ Prezidenti Donald Tramp İrandakı etirazları şərh edərkən yenidən İran hakimiyyətini terrorçuluğu dəstələməkdə ittiham edib: “İranda böyük etiraz aksiyaları keçirilir. Nəhayət, insanlar onların var-dövləti və pullarının oğurlandığını və terrorçuluğa sərf edildiyini anlamağa başladılar. Görünür, onlarin daha buna dözmək niyyəti yoxdur”.

ABŞ prezidentinin sözlərinə görə, Vaşınqton “insan haqların pozulması hallarını” diqqətlə izləyəcək.

İsrail Baş naziri Benyamin Netanyahu Avropa ölkələrinin İrandakı hadisələrə müdaxiləsi ittihamını rədd edib və bildirib ki, nəyahət, hazırkı rejimin sonu çatıb: “İran və İsrail xalqı yenidən dost olacaq”.

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhanini təmkinli olmağa çağırıb.

Bu gün İranın dini lideri Əli Xameneyi SEPAH döyüşçülərinə hazırlıq təlimatı verib. Təlimata əsasən, etirazlar davam etsə, döyüşçülər hadisələrə müdaxilə edəcəklər.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər