"Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyanın qurultayındakı bugünkü çıxışında bir xeyli tezis var idi. Birincisi, Avropa ilə əməkdaşlıq Azərbaycan üçün vacibdir. İkincisi, iqtisadi islahatlar daha da dərinləşdiriləcək. Üçüncüsü, Azərbaycan silahlanmaqda davam edəcək. Dördüncüsü, Ermənistana təzyiqlər davam etdiriləcək. Prezidenti sonuncu müddəa ətrafındakı çıxışından gəldiyim qənaət budur ki, Azərbaycan hərbi qüdrətini gücləndirməklə, silahlanmaya əvvəlkitək milyardlar xərcləməklə və Ermənistanın blokadasını gücləndirməklə yanaşı müharibəyə başlamağa tələsməyəcək".
Teleqraf.com xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyanın qurultayındakı çıxışını şərh edərkən bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan 2016-cı ilin aprelində olduğu kimi fors-major durumdan sığortalanmayıb: "Ancaq indi əsas məqsəd dolayı amillərlə Ermənistanı zəiflətməyə çalışmaqdır. Bu siyasət nə qədər çəkəcək və real nəticələrini yaxın müddətdə görə biləcəyikmi – suallarına indidən cavab vermək çətindir. Bircə onu bilirəm ki, snayperlərimiz əvvəlkitək işğalçı öldürməkdə davam etməlidirlər".