17 Fevral 2018 09:00
2 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran səfəri çox maraqlı idi. Biz İran hökumətinin dəvəti ilə İran İslam Respublikasında səfərdə olmuşuq. Orada proqram daxilində müxtəlif görüşlər keçirmişik.

Bu fikirləri Teleqraf.com-a İran səfəri haqda danışan VİP sədri Əli Əliyev deyib.

Onun fikrincə, cənub qonşumuz, tarixi bağlarımız olan dövlətin siyasi rəhbərliyinin dəvəti ilə Azərbaycandakı iki təşkilatın rəhbərinin İrana səfəri onların partiya olaraq aldığı qiymətdir: “Biz səfərin rəsmi xarakter daşımasını orada bilmişik. Zənnimcə, bu, İranın yeni siyasi təşəbbüsüdür. Gəldiyimiz qənaət odur ki, İran rəhbərliyi islahatlara getmək niyyətindədir, bu islahat beynəlxalq sferanı da əhatə edir və qonşu dövlətlərlə münasibətləri də özündə ehtiva edir”.

“İran tərəfi adətən, ölkəyə özünə yaxın din adamlarını dəvət edir. Bu baxımdan sizin dəvət edilməyiniz bir qədər təzadlı deyilmi” sualına gəldikdə VİP sədri xatırladıb ki, onlar millətçi partiyadır və Azərbaycanın maraqları onlar üçün hər şeydən önəmlidir:

“İkincisi, biz çağırılan yerdən ar etmirik. Bu, İran hökumətinin bizə verdiyi qiymətdir. Biz partiya olaraq açığıq. Mən seçkilər dönəmində istəyirdim ki, 5 siyasi mərkəzə səfər edək. Bu paytaxtlardan biri Tehran idi, amma birincisi Ankara idi. Moskvaya da səfər nəzərdə tutmuşduq. Eləcə də Vaşinqton və Brüsseldə də olmağı planlayırdıq. Yəni bu paytaxtlara rəsmi səfər etməyi düşünürdük. Bizim iradəmizdən kənar olaraq, Tehran səfəri ortaya çıxdı. Prezident seçkilərinin vaxtının önə çəkilməsi isə bizim digər səfərlərimizi korrektə etdi. Amma gələcəkdə dediyim siyasi mərkəzlərə də səfərlər təşkil etmək niyyətindəyik. Biz Tehran səfəri zamanı ancaq Azərbaycanın maraqlarından çıxış etmişik. Çünki azsaylı partiyalardan biriyik ki, heç kimdən asılacağımız yoxdur, heç zaman qrant almamışıq və bundan sonra da qrant almaq niyyətimiz yoxdur. Fəaliyyətimizdə də ancaq Azərbaycanın maraqlarını əsas tuturuq. Heç kəs bizi ittiham edə bilməz. Başqa ölkələrdən də dəvət alsaq, məmnuniyyətlə bunu həyata keçirərik.

Üçüncüsü, İsrailin sabiq baş naziri Şimon Peres vəfat edəndə mən rəsmi olaraq İsrail səfirliyinə başsağlığına gedən ikinci siyasətçiyəm. O zaman İranpərəst bəzi qüvvələr məni ittiham etmişdi. Mənə görə Azərbaycanın maraqları çox önəmlidir. İran səfəri də mənim Azərbaycan marağımdan qaynaqlanır”.

Əli Əliyev deyib ki, İrana meyilli qüvvə kimi təqdim edilmələri onda qəti narahatlıq yaratmır:

“Peyğəmbər deyib ki, düz bildiyini elə. Mən də düz bildiyimi edirəm. Düz də ondan ibarətdir ki, Azərbaycan siyasi qüvvələri bu coğrafiyada yerləşən dövlətlərlə xoş münasibətlər qurmalıdır. Mən ənənəvi qaragüruh mövqeyi qəbul etmirəm, o cümlədən də beynəlxalq məsələlərdə”.


Müəllif: Cavad

Oxşar xəbərlər