14:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Sumqayıt şəhərində də anılıb. Anım mərasimində əvvəlcə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, minlərlə
sumqayıtlı Şəhidlər xiyabanı memorial kompleksinə gələrək, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına tər qərənfillər düzüblər.
Bildirilib ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi qeyd olunmalıdır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası keçirilir. Xocalı soyqırımı artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən icra hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb.
Xocalı sakinləri Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər.
***
Gəncə şəhərində Xocalı soyqırımının 26-cı il dönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib.
Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. İcra başçısı E.Vəliyev və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyub.
Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt silinməyəcək. O, əlavə edib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib: "Ümummilli liderin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü elan edilib. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, o cümldən ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur."
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.
Sonra icra başçısı Elmar Vəliyev sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.
***
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Ali Məktəbdən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Daha sonra tədbiri BANM-in rektoru Elmar Qasımov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. O qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırımı olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. E.Qasımov ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımının dünyaya çatdırılmasında dövlətə dəstək olmağa çağırıb.
Tədbirdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Fərdin Vətəni və Ramal Nadirov Xocalı soyqırımına həsr olunmuş təqdimatla çıxış ediblər. Gənclər bu dəhşətli soyqırımın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 130 uşağın isə valideynlərindən birini itirdiyini bildiriblər. Soyqırım günü 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Gənclər bu soyqırımın erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş terror aktı kimi bütün dünyaya tanıdılması üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər və bütün tələbələri bu məqsəd uğrunda birləşməyə çağırıblar.
Xocalı soyqırımının ildönümü münasibətilə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və administrativ kollektivi Xocalı prospektində Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini də ziyarət ediblər./Report/
***
Fevralın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) Xocalı soyqırımının 26‑cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərkəzdən verilən məlumata görə, mərasim Xocalı faciəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəşəriyyətə qarşı dəhşətli cinayət olan Xocalı soyqırımının ağır nəticələrindən, o cümlədən erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib. Mərkəzin sədri bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Sədr əlavə edib ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin məhz soyqırım olduğunu təsdiq edir.
Tədbirdə daha sonra çıxış edən DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları bildiriblər ki, erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar və hərbi-siyasi təcavüz zamanı yüzlərlə həmvətənimiz həlak olub, mindən artıq nəfər isə girov götürülüb.
***
Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) tarixin ən ağır faciəsi və etnik təmizləmə aktlarından biri olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Palatadan həmçinin bildirilib ki, tədbirin əvvəlində Xocalı soyqırımı zamanı xüsusi amansızlıqla qətlə yetirilmiş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra qurumun baş İcraçı direktoru İbrahim Alışov işçi heyətinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin törətdikləri amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, insanlığa qarşı yönəlmiş faciənin qanlı statistikası barədə ətraflı məlumat verib. O bildirib ki, yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə Xocalı əhalisinin amansızcasına divan tutulması, insanların ağır işgəncələrə məruz qalması, ailələrin qismən və ya tamamilə məhv edilməsi dünya ictimaiyyəti tərəfindən əsrin ən ağır soyqırımı kimi tanınmalıdır.
Palata rəsmisinin sözlərinə görə, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı törədilmiş terror aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə başladığı məqsədyönlü fəaliyyətin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını rəsmən tanıyıblar.
Baş icraçı direktor onu da bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalı hadisəsinin dünyada tanıdılması istiqamətində, eləcə də Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin beynəlxalq birliyə çatdırılması üçün hazırlanmış və yayılmış çap və elektron nəşrlər, təbliğat-təşviqat xarakterli təqdimatlar və digər müxtəlif səviyyəli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyasının 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirildiyi haqqında da tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda Palatanın sifarişi əsasında hazırlanmış “Xocalı 26” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib, daha sonra Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində keçirilən tədbirlərdə çıxış edənlər XX əsrin 80-ci illərindən başlayaraq erməni millətçilərinin xalqımıza qarşı məqsədyönlü şəkildə apardıqları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndiriblər. Bu qanlı hadisə zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsinin, 1275 nəfərin isə girov götürülməsinin bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanıb.
Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırımı qurbanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunub.
Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırımı nəticəsində həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırılması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.