26 Fevral 2018 17:40
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün doğum gününü qeyd edir. Bu gün onun 64 yaşı tamam olur.

Teleqraf.com Türkiyə Prezidenti ilə bağlı çoxlarına məlum olmayan 10 faktı təqdim edir.

1. Əslən rizəli olan Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulda doğulub. Tayyib adını babasından alıb, Rəcəb ayında dünyaya gəldiyi üçün ona Rəcəb Tayyib adı verilib.

2. 1965-ci ildə Qasımpaşa Piyalə ibtidai sinfindən, 1973-cü ildə isə İstanbul İmam Hatib Liseyindən məzun olub. Mərmərə Universitetinin İqtisadiyyat və ticarət fakültəsində oxuyan Ərdoğan bu ali məktəbi 1981-ci ildə bitirib.

3. Ərdoğan peşəkar olmasa da, futbolla da məşğul olub. Siyasətçi olmasaydı, bəlkə də uğurlu bir futbolçu olacaqdı. 1976-cı ildə Ərdoğan “Fənərbaxça” klubundan transfer təklifi alır, fəqət atasının razılığı olmadığı üçün bu təklifi qəbul edə bilmir.

4. 1983-cü ildə Rifah Partiyasının qurulması ilə bütünlüklə siyasətlə məşğul olmağa başlayır. 1984-cü ildə Rifah Partiyasının Bəyoğlu ilçəsinin sədri olur. Ərdoğanın siyasətdə liderlik özəlliyi dərhal hər kəsin diqqətini çəkir. 1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olur.

5. Rəcəb Tayyib Ərdoğan 12 dekabr 1997-ci ildə Siirtdə xalqa xitabən oxuduğu şeirdə irqçiliyə yol verməsi səbəbindən saxlanlır. Onun barəsində 10 aylıq həbs qərarı çıxarılır. Beləliklə, İstanbul bələdiyyə sədrliyinə son verilir.

6. Türk müğənnisi Sevim Tanürək 1998-ci ildə avtomobil qəzası nəticəsində həyatını itirir. Qəza onun olduğu avtomobillə digər avtomobilin toqquşması, qarşı-qarşıya keçməsi nəticəsində baş verir. Ərdoğanın böyük oğlu Əhməd Burak qəza zamanı avtomobili idarə edən şəxs olub. Amma qəzada günahı olmadığı üçün sərbəst buraxılır.

7. Ərdoğan həbsdən çıxdıqdan sonra 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını qurur və partiyanın sədri seçilir. O, həbs olunduğu üçün siyasətlə məşğul olmaq yasağı var idi, bunu aradan qaldırmaq üçün Türkiyə Böyük Millət Məclisində qanuna dəyişiklik üçün müraciət edilir və bu dəyişiklik qəbul olunur.

8. Rəcəb Tayyib 4 iyul 1978-ci ildə keçirdiyi konfransda tanış olduğu 1955-ci il təvəllüdlü Əminə Gülbaran ilə evlənib. Cütlüyün Əhməd Burak və Nəcməddin Bilal adlı iki oğlu, Əsra və Süməyya adlı iki qızı var.

9. Rəcəb Tayyib Ərdoğan “Time” jurnalının üz qabığında fotosu əks olunan 9 türkdən, Türkiyədə isə jurnalın üz qabğında fotosu dərc olunan 5 liderdən biridir. Jurnalın Ərdoğanın fotosu əks olunan manşeti “Ərdoğanın yolu” adlanır. Yazıda onun doğru bildiyi yolla getdiyi vurğulanır.

10. 11 il Türkiyənin baş naziri olan Ərdoğan 2014-cü il seçkilərində xalq səsverməsi yoluyla seçilən ilk prezidentdir. Ərdoğan bir sıra ölkələrdə təltif olunub, ona fəxri vətəndaşlıq verilib. O, 20 ilə yaxındır Türkiyə siyasətində dərin iz buraxıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər