Azərbaycan və İran hökumətləri İran Prezidenti Həsən Ruhaninin bu ilin payızında Azərbaycana nəzərdə tutulmuş səfərinə hazırlıq üzrə geniş işlər görmək niyyətindədirlər
Bu barədə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda bildirib.
Hazırda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri olan Vaezinin sözlərinə görə, indi tərəflər Azərbaycan və İranın işgüzar dairələrinin daha sıx əməkdaşlığı üçün iş aparırlar.
O deyib ki, Azərbaycan və İran hökumətləri, həmçinin investisiyaların qarşılıqlı müdafiəsi haqqında sazişin yeni layihəsi üzərində çalışırlar.
Nazirin sözlərinə görə, bundan başqa, yaxın aylarda iki ölkənin hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb. Vaezi deyib ki, İranın səhiyyə naziri və gömrük idarəsinin rəhbəri Azərbaycana səfər edəcəklər.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyat və sənaye naziri də İrana səfər edəcək. Bundan başqa, İran tərəfi Azərbaycan-İran Ticarət Palatasının yaradılması təklifi ilə çıxış edib.
Vaezi habelə Azərbaycan və İranın ikitərəfli əlaqələrinin inkişafı üçün viza rejiminin sadələşdirilməsi məsələsinin vacibliyini də qeyd edib.
O bildirib ki, Azərbaycan və İran ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər və hər iki dövlətin başçısı öz bəyanatlarında bunu təsdiqləyiblər.
Vaezi bildirib ki, İran dost Azərbaycanı müstəqil və güclü görmək istəyir.
O qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "Azərbaycanın inkişafı və onun siyasi, iqtisadi və mədəniyyət sahəsində qazandığı uğurları bizi sevindirir".
Bundan başqa, onun sözlərinə görə, İran xalqı bir milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsindən narahatdır: "Biz istəyirik ki, Azərbaycan xalqı sülh və sabitlik şəraitində yaşasın, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasını dəstəkləyirik".
Vaezi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının işində iştirak etmək üçün Bakıya gələn İran nümayəndə heyətinə rəhbərlik edib.
Azərbaycan tərəfdən komissiyanın həmsədri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.
/trend/