Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın 31 mart soyqırımı ilə bağlı məqaləsi dərc edilib.
Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, məqalədə 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından 100 il ötdüyü, Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında bu soyqırımının özünün ağır və dəhşətli nəticələri ilə seçildiyi bildirilir. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin azərbaycanlıların tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə mifik “böyük Ermənistan” dövlətini yaratmaq məqsədi güddüyü, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsinin köçürüldüyü diqqətə çatdırılır. Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyduğu qeyd olunur. Azərbaycan xalqının bu faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunmasına başlanıldığı, qısa bir müddətdə bu siyasətin gerçəkləşdirilərək çar Rusiyasının himayəsi ilə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinin həyata keçirildiyi, əhalinin fiziki cəhətdən məhv edilməsinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyi, XX əsrin əvvəllərində “Daşnaksütyun” kimi erməni millətçi partiyasının və erməni milli konqresinin fəaliyyətindən və fanatik kütlələri qatı millətçi ideyalar ətrafında birləşdirməsindən sonra bu prosesin daha da sürətləndiyi diqqətə çatdırılır.
Həmçinin 1918-ci ilin martından etibarən Stepan Şaumyanın rəhbərliyi ilə erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri genişmiqyaslı qanlı cinayətlər nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyi, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi bildirilir. 1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqları qeyd edilir. Təkcə Qarabağda 157, Zəngəzur qəzasında 109, İrəvan quberniyasında 197 Azərbaycan kəndinin dağıdıldığı və talan edildiyi vurğulanır.