Sosial şəbəkələrdə ölkəmizə qarşı təxribat törədən, siyasi aqressiya yaratmağa çalışan və qeyri-etik ifadələrlə xalqın heysiyyatına toxunan şəxslərə qarşı cinayət işi başlanılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı İTV-də təşkil edilən son günlər sosial şəbəkələrdə qeyri-etik ifadələr, təhqir və söyüşlərə qarşı mümkün və real addımlarla bağlı müzakirə zamanı deyib. A.Camalqızı dövlətin simvol və atributlarına qarşı təhqirləri əsas gətirərək, Ədliyyə Nazirliyinin bununla bağlı iddiaçı qismində çıxış edə biləcəyini də vurğulayıb:
“Xaricdə yaşayan və tam təhlükəsizlikdə olduğunu zənn edən bu insanların virtual terroruna qarşı virtual mübarizə ilə yanaşı, konkret addımlar da atılmalıdır. Hesab edirəm ki, Baş Prokurorluq araşdırmalar aparmaq və dövlət simvollarını təhqir edən bu insanlara qarşı cinayət işi açmaq üçün qanunvericiliyə uyğun addımlar atmalıdır. Hətta məhkəmə orqanları araşdırma çərçivəsində beynəlxalq hüquqa uyğun olaraq bu şəxslərə qarşı qiyabi hökm də çıxarmaq imkanındadır”.
A.Camalqızı bildirib ki, sivil ölkələrdə müşahidə olunan və beynəlxalq qanunvericiliyə əsaslanan bu hüquqi prosedurlar həyata keçirilməlidir:
“Xüsusilə gənclərin virtual aləmdə aktiv olmasına ehtiyac var. Təəssüf ki, bəziləri sosial şəbəkələrə qeyri-ciddi yanaşır. Bu baxış dəyişməli və sosial şəbəkələrin məlumat bankı olduğu, təbliğat funksiyası qəbul edilməlidir. Bununla paralel olaraq isə qanunvericiliyə uyğun hüquq-mühafizə orqanları addımlar atmalı və cinayət işi qaldırmalıdır”.
Qeyd edək ki, Avropanın bir sıra böyük dövlətlərində sosial şəbəkələr üzərindən xalqın heysiyyatına toxunan, dini, irqi ayrı-seçkilik salan, dövlət məmurunun şərəf və ləyaqətini alçaldan paylaşıma görə cinayət məsuliyyəti nəzərdə tutulur.