Mən hər zaman bu düşüncədə idim ki, bütün erməni xalqı Sərkisyan, Köçəryan, Zori Balayan kimi bir qrup hərbi cani, kriminal ünsürtək düşünə bilməz.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, erməni xalqının içərisində də düzgün fikirləşənlər, ədalətli mövqe tutanlar, xalqını, dövlətini bu fəlakətdən, rüsvayçılıqdan qorumağı bacaranlar var idi və sözlərini dedilər:
“Nəhayət, erməni xalqı bu cinayətkar qrupa qarşı ayağa qalxdı, birləşdi və sözünü dedi. Əli dinc insanların, körpə uşaqların qanına batmış bir dəstə cinayətkar Ermənistan adlanan dövləti uzun illər əsarətdə saxlayır, istismar edirdi. Nəhayət ki, bunların hakimiyyətinə son qoyuldu. İndi Ermənistan dövlətinin və erməni xalqının normal yaşayışı, normal fəaliyyət göstərməsi üçün yeganə çıxış yolu qonşularla, qonşu dövlətlərlə normal münasibət yaratmaqdır. Mən bu fikri səsləndirərkən onların əsasən Azərbaycan və Türkiyə ilə münasibətlərini nəzərdə tuturam. Bu da Ermənistanın Azərbaycana yönəlik işğalçılıq siyasətindən birdəfəlik əl çəkməsindən, yəni Azərbaycan torpaqlarından öz qoşunlarını birdəfəlik çıxarmasından, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Həmçinin, Türkiyəyə yönəlik soyqırımı və ərazi iddialarından əl çəkməlidirlər. Bu iki halda həm Azərbaycanla, həm Türkiyə ilə gələcəkdə normal qonşuluq münasibətləri yarana bilər. Bunun sayəsində Ermənistan dövlət kimi mövcudluğunu qoruyub saxlaya, normal yaşaya, mövcud olan bütün iqtisadi və digər layihələrə qoşula bilər. Başqa çıxış yolu yoxdur”.
E.Məmmədov qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin kifayət qədər rasional düşünməyi, ədalətli qərar verməyi, qonşulara münasibətdə düşmənçilik və işğalçı siyasətdən əl çəkməyi, onlarla normal münasibət qurmağı bacaran insanlardan təşkil olunması arzuolunandır:
“Təbii ki, bu zaman normal vəziyyət yaranacaq. Əks təqdirdə Azərbaycan da mövcud olan bugünkü qarmaqarışıqlıqdan, iqtisadi fəlakətdən yararlanıb torpaqlarını işğaldan azad etmək üçün hərbi gücdən istifadə etmək məcburiyyətində qalacaq. Başqa çıxış yolu yoxdur”.
Deputat daha sonra deyib:
“1990-93-cü illərdə Azərbaycandakı siyasi vəziyyətə baxaq. Həmin dövrdə Azərbaycanda da bu gün Ermənistandakına bənzər hərc-mərclik yaranmışdı. Hakimiyyət böhranı gedirdi. Ermənilər bu məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdilər. Yəni, indi elə bir məqamdır ki, Azərbaycan da bunu edə bilər. Ancaq yaxşı olar ki, Ermənistanda ağlı başında olan insanlar rəhbərliyə gəlsinlər və özləri öz xoşları ilə çəkilib getsinlər. Əks təqdirdə Azərbaycan ordusu sözünü demək məcburiyyətində qalacaq”.