Təhsil Nazirliyi, Azedu.az portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin məktəbli övladları arasında Mənim Atam Qəhrəmandır- O, Cümhuriyyətin əsgəri idi” mövzusunda yazı müsabiqəsinin iştirakçıları mükafatlandırılıb.
Teleqraf.com xəbər verir ki, mükafatlandırma mərasimi Nərimanov rayonunda yerləşən 193 nömrəli orta məktəbdə baş tutub.
Tədbir çərçivəsində aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilən “25-lər” arasında da görüş olub.
Mərasimdə aprel şəhidlərinin xanımları, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndələri, QHT təmsilçiləri və jurnalistlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, mərasimin 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, belə tədbir keçirməklə həm də cəmiyyətdə şəhidlərin övladlarına və ailələrinə qayğı göstərilməsini stimullaşdırmaq niyyəti güdülür.
Deputat Məlahət İbrahimqızı isə belə tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, əslində şəhidlərlə bağlı tez-tez tədbir keçirilməlidir:
“Türkiyədə hər il Çanaqqala savaşının anım mərasimi keçirilir. Hətta balaca uşaqlar da həmin savaşda iştirak etmədikləri üçün təəssüflənirlər. Biz də ölkəmizdə belə bir ab-hava yaratmalıyıq. Şəhidlər ölümləri ilə yaşamağı seçiblər. Onlar bu ölkənin qəhrəmanlarıdır. Hesab edirəm ki, bu tipli tədbirlər tez-tez təşkil olunmalıdır. Biz nə müharibə, nə də sülh dövründə yaşayırıq. Övladlarımızın vətənpərvər ruhda böyüməsi olduqca lazımlıdır”.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da bu xarakterli tədbirlərin keçirilməsini dəstəkləyib.
Aprel şəhidi Raqub Orucovun xanımı Sevinc Orucova deyib ki, körpələri tərbiyə etmək, onları vətənpərvər əhval-ruhiyyədə böyütmək üçün şəhidlərin keçdiyi yolu onlara anlatmaq lazımdır: “Biz bunun üçün tarixə, yüz illər əvvələ getməli deyilik. Aprel qəhrəmanları haqqında danışmağımız kifayət edər”.
Deputat Mahir Abbaszadə çıxışı zamanı qeyd edib ki, məcburi köçkün düşən rayonun deputatı olaraq bir çox çətinlikləri öz gözü ilə görüb: “Raquf Orucov Sumqayıtda bizim məhəllədə yaşayırdı. Mən onun toyunda da iştirak etmişdim. Təəssüf ki, ailə üzvləri ilə indi burada qarşılaşırıq. Şəhidlər bizim ölkəmizin baş tacıdır”.
Aprel şəhidi Rasim Məmmədovun oğlunun söylədiyi şeir tədbir iştirakçılarını duyğulandırıb.
Toplantının sonunda Xocalı soyqırımı zamanı hər iki valideynini itirən gənclər aprel şəhidlərinin övladları ilə tanış olublar.
Şəhid övladlarına mükafat və hədiyyələr təqdim olunub.