4 İyul 2018 22:54
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Prezident İlham Əliyev bildirib ki, Mingəçevir elektrik stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb. Dövlət başçısı qeyd edib ki, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib.

“Mənim sərəncamımla məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılıb və komissiya öz işinə başlayıb. Komissiya qarşısında bir neçə vəzifə qoyulub. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır. Dünən axşam saatlarında yenidən enerjinin verilməsi kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edildi. Qeyd etməliyəm ki, bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim, onlar öz növbəsində bu vəziyyətdə vətəndaşlara köməklik göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstəriblər, onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş vermədi”.

Prezident bildirib ki, baş vermiş hadisə zamanı Fövqəladə Hallar Nazirliyi işini düzgün qurub: “Fövqəladə Hallar Nazirliyi təxliyyə işlərini tezliklə və düzgün şəkildə apardı. Vətəndaşlar metrodan təxliyyə edildi, liftlərdə qalmış vətəndaşlar təxliyyə edildi, xilasedicilər çox uğurla fəaliyyət göstərdilər. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçdilər. İlk növbədə asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların sıradan çıxması nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilər və polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bildilər. Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları böyük məsuliyyət göstərdilər, bu məsələ ilə bağlı vətəndaş həmrəyliyi nümayiş etdirdilər, Azərbaycan cəmiyyəti bütövlükdə bu çətin sınaqdan şərəflə çıxa bilib. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə köməklik göstəriblər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və sözün əsl mənasında, Azərbaycanda vətəndaş həmrəyliyi mövcuddur”.

Prezident İlham Əliyev qeyd edib ki, enerji faisləsi zamanı nəqliyyat məsələləri düzgün tənzimlənib: “Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı. Sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, bütün dövlət qurumları bu ağır vəziyətdə çox çevik fəaliyyət göstərərək böyük peşəkarlıq nümayiş etdiriblər. Biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik”.

Bununla belə, dövlət başçısı vurğulayıb ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırmalıdır: “Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycan onlarla yeni elektrik stansiyaları istifadəyə verilib. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bizim hazırda enerji potensialımız 6400 meqavat gücə bərabərdir. Onun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları yaradılıb. Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Qubada, eyni zamanda bölgələrdə su elektrik stansiyaları yaradılıb. Bu stansiyaların coğrafiyası onu göstərir ki, biz ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilməsinə, enerji sistemində dayanıqlığın təmin edilməsinə çalışırdıq. Ancaq bir qəza nəticəsində bütün enerji sistemi demək olar ki, sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır, bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm də ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi və əgər baş versəydi belə fəsadlara gətirib çıxarmamalı idi. Həm bu, həm də digər sahələrdə qəzalar olur. Dünyanın heç bir ölkəsi qəzadan sığortalanmayıb. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə bir də demək istəyirəm ki, çox ciddi araşdrıma aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir və elə bir tədbirlər planı hazırlanmalıdır ki, biz gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər