İyulun 2-də Ərdəbildə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, o, saxlandığı müddətdə 7 gün aclıq aksiyası keçirib. Babək qalası yürüşünə bir neçə gün qalmış saxlanılan ərdəbilli fəal həbs olunarkən, məmurlar onun mobil telefonunu götürüblər.
Azərbaycanlı fəal həbsxananın xüsusi bölümündə təkadamlıq kamerada saxlanılıb. Bu müddətdə ETTELAAT-ın tapşırığı ilə heç kimə A.Lisani ilə görüş icazəsi verilməyib. Fəal saxlandığı müddətdə dəfələrlə ETTELAAT-ın Təbriz idarəsinə aparılaraq sorğu-sual edilib və yenidən zindana qaytarılıb.
Qeyd edək ki, A.Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir. O Azərbaycan xalqının demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb, işgəncələrə və müxtəlif təzyiqlərə məruz qalıb.