"Bu il Azərbaycanda qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hazırda bu şəxslərin sayı 75 nəfərdir: "Ötən ilin müvafiq dövründə bu göstərici 61 nəfər olub".
Rəisin sözlərinə görə, Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edib: "Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir".
O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: "Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub".
Rəis qeyd edib ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir".
V.Hüseynov deyib ki, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb: "Bu rəqəm 1859 olub".
Vüsal Hüseynov bildirib ki, hesabat dövründə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmisiyası ilə bağlı 640 şəxs barədə 322 sorğu daxil olub: "Bu il Azərbaycanın 206 vətəndaşının readmisiyası, yəni ölkəyə qayıtması həyata keçirilib".
Xidmət rəisi bildirib ki, məntəqələrdə daha çox Pakistan, Hindistan, Özbəkistan, Türkiyə və başqa ölkələrdən olan şəxslər yerləşdirilib
Sədr qeyd edib ki, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait standartlara tam cavab verir: "Bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb".