20 İyul 2018 19:55
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son beş ildə 400-dən artıq jurnalist mənzillə təmin olunub”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edilir:

"Bizim dövlətçiliyimizin tarixi min ildən artıqdır. Azərbaycan mediasının tarixi AXC-nin tarixindən əvvələ gedir. Bizim mətbuat nümunələrimiz XIX əsrdə Türk-müsəlman dünyasının ən qabaqcıl nümunələrindən birini təşkil edirdi. Azərbaycanda maarifçilik hərəkatının başlanması milli mətbuatın formalaşmasında böyük rol oynadı".

Azərbaycan mətbuatının tarixindən və maarifçilik hərəkatından danışan Əli Həsənov bildirib ki, "Əkinçi" məktəbində yetişən aydınlar mətbuatımızın sonrakı inkişafında böyük rol oynayıblar:

"Doğrudur, Çar Rusiyası dövründə öz dilimizdə mətbu nəşrlərin dərcinə imkan verilmirdi. Lakin "Əkinçi" artıq öz işini görmüşdü. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və dövrün digər ziyalıları müstəqil azərbaycançılıq ideyasını formalaşdırdılar. Mətbuatımızın formalaşmasında "Kaspi" qəzetinin rolu xüsusi qeyd edilməlidir. AXC-nin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibinə daxil edildi. Sovet dövründə müstəqil olmasaq da, milli ideyalar formalaşdı. Ümummilli lider Heydər Əliyevin o dövrdə ölkəyə rəhbərlik etməsi mətbuatımızın milli ruhu saxlamasında mühüm rol oynadı. Müstəqillik bərpa ediləndən sonra isə Azərbaycanda milli mətbuatımızın inkişafında yeni dövr başladı. 1998-ci ildə senzuranın ləğv edilməsi kimi addımların atılması onu deməyə əsas verir ki, Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlinin atılmasında nə qədər rol oynayıbsa, Heydər Əliyev də milli mətbuatımızın inkişafında bir o qədər rol oynayıb".

Əli Həsənov daha sonra Azərbaycan mətbuatının bugünkü inkişafından danışıb:

"Prezident İlham Əliyev tərəfindən mətbuatımıza sistemli şəkildə dövlət dəstəyi verilməyə başlanıldı. Son beş ildə 400-dən artıq jurnalist mənzillə təmin olunub. Fərdi müraciət edən jurnalistlərin mənzillə təmin edilməsi istiqamətində də bir çox addımlar atılıb".

Prezidentin köməkçisi bu gün Türkiyə və Azərbaycan mediasının həmrəy fəaliyyətinə də diqqət çəkib. Daha sonra isə o, Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər