Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bu yaxınlarda Brüsselə səfərini və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşünü məmnunluqla xatırlayaraq qeyd etdi ki, həmin səfər zamanı aparılan səmərəli danışıqlar və Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir. Prezident İlham Əliyev qeyd etdi ki, eyni zamanda, bu sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi. Azərbaycan-Avropa İttifaqı əlaqələri gündəliyinin geniş olduğunu bildirən dövlətimizin başçısı əməkdaşlığın uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan eyni zamanda NATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşlərinin və Brüsseldəki tədbirlərin çox yaxşı səviyyədə keçdiyindən məlumatlı olduqlarını vurğuladı. Toivo Klaar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndiyini qeyd edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu dedi. Bu baxımdan qonaq Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.