Tarif Şurasının qərarına əsasən bu günün sonuna qədər sərnişinlər metropolitendən əvvəlki tariflərə uyğun şəkildə istifadə edə biləcəklər. Avqust ayının 1-dən etibarən isə yeni qaydalara uyğun olaraq bir gediş üçün kartdan 0,30 qəpik silinəcək.
Bu sözləri Publika.az-a Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, kartların balansına yüklənilən məbləğdə heç bir problem olmayacaq:
“Bu günə qədər kartlara yüklənilən məbləğ, eləcə də ayın 1-dən sonra karta vurulan məbləğ arasında heç bir fərq yoxdur. Hər iki halda avqust ayının 1-dən etibarən gediş haqqın üçün 0,30 qəpik silinəcək.
Yeganə məsələ odur ki, kağız kart adlandırdığımız məhdud kartlarda bir sıra problem yaşana bilər.
Onun da səbəbi o kartlara pul yükləyəndən sonra çıxartmaq olmur. Deyək ki, həmin kartda 20 qəpik pul qalıbsa, ora 10 qəpik yükləyib yenidən istifadə etmək olar. O kartların müddəti 45 gündür. Metronun 4 stansiyasında kart analiz mərkəzləri xidmət göstərir ki, hər hansı bir problem yaşanarsa, sərnişinlər ora müraciət edərək problemi aydınlaşdıra bilərlər. 45 gün ərzində həmin məhdud kartlardan adi qaydada istifadə etmək mümkündür”.