6 Avqust 2018 11:43
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-cı il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövrdə dövlət büdcəsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə (İdarə) ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Palatanın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, audit ilə ümumilikdə 6455,7 min manat vəsait əhatə olunub.

Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın bir sıra tələbləri gözlənilməyərək idarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, bəzi xərc maddələri üzrə icra aşağı olub, xərc maddələri üzrə çoxsaylı dürüstləşmələr aparılıb, 2016-2017-ci illərdə açılmış maliyyələşmənin 19,1 faizi istifadə edilməyərək büdcəyə qaytarılıb.

Dövlət qulluqçularına ixtisas dərəcələrinin vaxtından əvvəl verilməsi nəticəsində 7 halda artıq əməkhaqqı ödənilib, gəlir vergisi üzrə güzəşt tətbiq edilərkən "təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər" barədə müvafiq arayışlar alınmayıb, vəsaitlərdən səmərəli istifadə edilməyərək tələbatdan artıq müxtəlif adda mal-material qiymətliləri alınaraq uzun müddət anbarda saxlanılıb, xüsusi geyimlər üzrə illik tələbatdan 4-5 dəfə artıq qalıq olduğu halda, yenidən həmin geyimlərin alınmasına vəsait yönəldilib, müxtəlif markalı katriclərin bir hissəsi istifadə müddəti başa çatdıqdan sonra alınıb.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti, habelə satınalma prosedurlarında iştirak edən malgöndərənlərin ixtisasına dair tələblər mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməyib, keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib.

Hesablama Palatasının kollegiyası Milli Arxiv İdarəsi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti Milli Arxiv İdarəsinə göndərilib.

Kollegiya, həmçinin Milli Arxiv İdarəsi tərəfindən müxtəlif markalı katriclərin bir hissəsinin istifadə müddəti başa çatdıqdan sonra alınması, 2017-ci ildə "Mətbəə xərcləri" paraqrafı üzrə keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsi halları üzrə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini qərara alıb.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər