Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcək. Hazırda Moskvanın Cənubi Qafqazda normal siyasi əlaqələri yalnız Azərbaycanladır. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Moskva-İrəvan siyasi əlaqələri ciddi şəkildə zəifləyib.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Bakı-Moskva əlaqələrinin yeni mərhələyə çıxması Kremlin atacağı siyasi addımlardan aslıdır:
“İlk növbədə bu addımlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyi ola bilər. Prezidentlər Soçidə bir sıra digər məsələlərə yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də danışıqlar apardılar. Ancaq Rusiyanın bu məsələdə Azərbaycana güzəştə getməsi real görünmür”.
M.Əsədullazadə əlavə edib ki, Rusiya Ermənistanda Qarabağ klanını yenidən hakimiyyətə gətirmək istəyir, bu klanın rəhbəri, eks-prezident Robert Köçəryana ciddi dəstək verir:
“Rusiyanın bu ölkədə əsas dayağı məhz Qarabağ klanıdır. Əgər Putin Qarabağ məsələsində Azərbaycana güzəştə gedərsə, Qarabağ klanı Rusiyadan üz döndərəcək. Bu da Ermənistanda Rusiyanın dayaqlarının tamamilə itirilməsinə gətirib çıxarar. Putinin ötən gün Robert Köçəryana zəngi də göstərir ki, Rusiya Ermənistanda yeni siyasi mərhələyə başlamaq niyyətindədir.
Hesab edirəm ki, Azərbaycan Rusiyanın şirin vədlərinə inanmamalı və Ermənistandakı situasiyanı ciddi şəkildə izləməyə davam etməlidir. Rusiya Köçəryanı bir daha hakimiyyətə gətirməklə Qarabağ münaqişəsinin həllinin üstündən xətt çəkmək istəyir”.