Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı, Antalya-Bakı, Bodrum-Bakı, Burqas-Bakı və Moskva-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 8 ədəd soyuq silah - o cümlədən, 4 ədəd "beşbarmaq" və 4 ədəd dəyənək aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə 8 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.
Komitə səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.