Millət vəkilləri tərəfindən Vergi Məcəlləsinə təklif edilən bir sıra dəyişikliklər müzakirə edilib. Hesab edirəm ki, təkliflər Məcəllənin daha da təkmilləşməsinə xidmət edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.
Nazir millət vəkillərinin bəzi təkliflərinin isə növbəti dəfə müzakirəyə çıxarıla biləcəyini bildirib:
“Millət vəkili Qüdrət Həsənquliyevin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanların vergidən azad edilməsi təklifi ilk dəfədir irəli sürülür. Hesab edirəm ki, dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hazırlanıb. Hazırda daha geniş bazada azad edilmələr mümkün deyil. Lakin bu təklifə növbəti büdcə prosesində baxa bilərik.
Millət vəkili Çingiz Qənizadənin nəvələrin ailə üzvü kimi qəbul edilməməsi fikirlərinə gəldikdə, bu məsələyə də yenidən işçi qaydada baxıla bilər. Məcəlləyə baba və nəvə məvhumunu daxil etmişik. Qeyd edim ki, baba, nənə olmaq üçün nəvə də olmalıdır. Lakin məsələyə yenidən baxıla bilər”.
Nazir bildirib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklər daha keyfiyyətli, dövlət başçısı tərəfindən qarşımıza qoyulan tələbələrə çatmağa imkan verib.
Vergi Məcəlləsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.