Türkiyə Böyük Millət Məclisində gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı güney azərbaycanlı milli fəal Rahim Cavadbəylidən bəhs olunub.
Teleqraf.com xəbər verir ki, bu dəfə R.Cavadbəylinin məsələsini İyi Partiyadan olan Kayseri millət vəkili Dursun Ataş qaldırıb.
O qeyd edib ki, R.Cavadbəyli 4 ildir Türkiyədə güvən içində yaşayırdı:
“Üstəlik BMT-nin qaçqınlıq statusunu daşıyırdı. 2 avqust 2018-ci ildə sorğu-sualsız göz altına alındı. İrana təhvil verilmək üzrə Van vilayətində gözləmə düşərgəsinə salındı. Onun İrana göndəriləcəyi təqdirdə nə olacağı bəllidir və indi ora göndərilmə təhlükəsi ilə qarşı-qarşıya qalıb. Yəni, “Cavadbəyli, öz yurdunda, öz vətənində qəribsən”. Rahim Cavadbəyli bir Azərbaycan türküdür. Türkün şövkətini görməyə haqqı vardır”.
Qeyd edək ki, Təbrizdən olan ədəbiyyatçı, türkçü, araşdırmaçı və milli fəal Rahim Cavadbəyli artıq 4 ildir Türkiyəyə sığınıb və orada yaşayırdı. BMT tərəfindən siyasi qaçqın statusu alan R.Cavadbəyli bu ilin avqustunda Türkiyə polisi tərəfindən sorğu-sual edilmədən nəzarətə götürülüb və İrana qaytarılması üçün Van vilayətində gözləmə düşərgəsinə göndərilib. İrana təhvil veriləcəyi təqdirdə R.Cavadbəylinin ölüm cəzasına məhkum olunacağı gözlənilir.