Ermənilər milli musiqi alətimiz olan balabanı oğurlayaraq, "duduk" adı ilə başqa ölkələrə satırlar. Onlar hətta, bu alətin istehsalı ilə məşğul olan zavod da açıblar.
Bizdə əllə hazırlanan balaban alətini ermənilər artıq xüsusi dəzgahlar vasitəsilə istənilən ölçüdə və istənilən tonalda hazırlayaraq dünyanın müxtəlif yerlərinə, xüsusən də Avropa və Amerikaya "duduk" adı ilə göndərirlər. "Vamelo" adlı şirkət xüsusi qablaşdırmada göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya "duduk"un, yəni balaban alətinin Ermənistana məxsus olduğunu aşılayır. Alətin üzərinə həm "Vamelo Armenia" şirkətinin loqosu vurulur, həm də içərisinə təhrif olunmuş məlumat vərəqəsi qoyulur. Şirkət satışı sayt üzərindən həyata keçirir. Dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınmır. Balabanın özü 195 dollara, təkcə qamışı isə 69 dollara satılır.
Əqli mülkiyyət agentliyinin idarə heyətinin sədri Kamran İmanov "Xəzər Xəzər"ə müsahibəsində bildirib ki, məsələ ilə bağlı aidiyyəti təşkilata etiraz məktubu göndərilib: "Balaban bizim milli musiqi alətimizdir. Ermənilərin seçdiyi "duduk" sözünün özü də oğurluqdur. Bu söz də türklərə məxsus olan tütək sözündən əmələ gəlib".
Kamran İmanov deyib ki, məsələ ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubu göndərilib.
Kamran İmanov qeyd edib ki, "duduk" adı altında istehsal edilən balabanın Azərbaycana məxsus olması ilə bağlı tədbirlər davam etdiriləcək.