Cənab prezidentin bu gün imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”f ərmanı inqilabi fərman hesab edirəm. Çünki vətəndaşlarımız uzun illərdir problemli kreditlər məsələsində əziyyət çəkirdilər, çox narahat idilər.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov deyib.
O qeyd edib ki, 2015-ci ildə manatın iki dəfə devalvasiyası ani olaraq vətəndaşlar tərəfindən götürülmüş kreditlərin məbləğində artımın yaranmasına səbəb olmuşdu:
“İmzalanmış fərmanda bütün bu məqamlar geniş şəkildə öz əksini tapır. Yəni, 2015-ci il fevralın 21-dək götürülmüş kreditlərdə 1 ABŞ dollarına 0,25 manat, yaxud dollar ifadəsində 0,15 dollar məbləğində güzəşt nəzərdə tutulur. Bu güzəşt dövlət tərəfindən edilir. Yəni, dövlət tərəfindən ödəniləcək.
Fərmanın ikinci bəndində isə qeyd olunur ki, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə isə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat, yaxud dollar ifadəsində 0,35 ABŞ dolları kimi güzəşt nəzərdə tutulur. Yəni, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə bu məbləğdə dövlət tərəfindən güzəşt edilməsi fərmanda öz əksini tapıb.
Ümumilikdə, götürdükdə 2015-ci ilin fevralın 21-dək götürülmüş xarici valyutada götürülən kreditlərə ümumi şəkildə dövlət tərəfindən hər 1 dollar üçün 0,85 manat güzəşt tətbiq olunacağı nəzərdə tutulur.
Bu da manatın devalvasiyası nəticəsində vətəndaşların üzərinə yığılmış əlavə yükün aradan qalxmasına öz töhfəsini verəcək”.