Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.
Teleqraf.com-un məlumatına görə, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı və bildirdi ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir. Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi böyük ehtiramla xatırladı. O, xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi.
Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ramzan Kadırova çatdırmağı xahiş etdi və qeyd etdi ki, onu Ramzan Kadırovla qardaşlıq əlaqələri bağlayır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri var və tarix boyu bu əlaqələr daim möhkəmlənib.
Prezident İlham Əliyev Ramzan Kadırovun bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Ramzan Kadırovun çeçen xalqının lideri Hacı Əhməd Kadırovun siyasətini uğurla davam etdirdiyini, Çeçenistanda sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə Çeçenistan Respublikası arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da inkişafı baxımından əhəmiyyəti vurğulandı.