9 Aprel 2019 14:19
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anna Akopyanın minlərlə erməni əsgərin Qarabağda heç nəyə görə həyatını itirdiyini deməsi sübut edir ki, torpaqlarımızı özləri işğal edib. Akopyan həqiqətən sülh istəyirsə, işğalçı erməni ordusu torpaqlarımızdan çıxmalı, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ali qanunverici orqanda 122 saylı Xankəndi seçki dairəsini təmsil edən Flora Qasımova ABŞ-da səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “Amerikanın səsi”nə dediklərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyi verdiyi bəyanatlarla əvvəlkilərdən fərqlənmədiyini, münaqişənin sülh yolu ilə həllinə mane olmaq istədiyini nümayiş etdirir: “Anna Akopyan birmənalı şəkildə öz həyat yoldaşının uğursuz piarı ilə məşğuldur. O öz fikirləri bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf elədi”.

Flora Qasımova Ermənistanın danışıqlar prosesinə üçüncü tərəfin cəlb olunması ilə bağlı təklifini sərt tənqid edib: “Bu münaqişənin həlli prosesində ön şərtlər irəli sürə biləcək və güzəştlər tələb edə biləcək yeganə tərəf varsa, o da Azərbaycandır. Əslində, Azərbaycanın uzun illərdir danışıqlar prosesində iştirakı ən böyük güzəştdir. Sadəcə Paşinyan qeyri-ciddi siyasətçi kimi nə söylədiyinin fərqində deyil”.

Qeyd edək ki, Anna Akopyan “Amerikanın səsi”nə deyib ki, minlərlə erməni əsgəri Qarabağda heç nəyə görə həyatını itirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər