26 Aprel 2019 17:05
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: "İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".


Müəllif: Teleqraf.com