Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.
Dövlətimizin başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söylədi.
Prezident İlham Əliyev bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatıldığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğuladı. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı vurğuladı ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. “Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışdı. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğuladı. Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini dedi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söylədi. Dövlətimizin başçısı Forumun işinə uğurlar arzuladı və müzakirələrin səmərəli olacağına əminliyini ifadə etdi.
Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olundu.
Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, “Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.
Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos ilk dəfə möhtəşəm Bakı şəhərində olmasından son dərəcə məmnunluğunu ifadə etdi. Bildirdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin tərəfdaşıdır. “Birlik Bakı Prosesi”nin ruhudur”, - deyən Migel Moratinos əlavə etdi ki, Bakı BMT-nin Sivilizasiyalararası Alyansının habına çevrilə bilər. O, dünyada baş verən hadisələr fonunda bu beynəlxalq mötəbər tədbirin vaxtında keçirildiyini vurğuladı və Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən danışdı.
UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğuladı. Bildirdi ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır. Nada Al-Naşif bu istiqamətdə UNESCO xətti ilə də silsilə tədbirlərin həyata keçirildiyini dedi, həmin mötəbər beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun daha səmərəli olmasına töhfələrini əsirgəmədiyini diqqətə çatdırdı.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakı Forumunun yüksək səviyyədə təşkilinə və bu mühüm tədbirə dəvətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun çox zəruri olduğunu və bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini dedi. O, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirdiyini vurğuladı və Foruma uğurlar arzuladı.
Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirdi. O, “Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini xüsusi vurğuladı. Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyən Qabriella Battaini-Draqoni bu baxımdan Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu dedi. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırdı, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğuladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırdı və Forumun işinə uğurlar arzuladı.
***
11:50
Sonra sivilizasiyaların tarixini, dünyada baş verən münaqişələri, törədilən terror aktlarını və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, Forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış ediblər.
***
10:00
Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
***
09:43
Bu gün Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır.
Teleqraf.com xəbər verir ki, mayın 2-3-də keçiriləcək Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir keçiriləcək.
Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.
Təşkilatçılar Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.
2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.
Bundan başqa, Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda 2 gün ərzində "Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması", "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması", "Sülh naminə çoxtərəflilik və diplomatiya", "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu" və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.
Forumda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.