21 May 2019 20:45
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Avropa liqasının final mərhələsinin tarixi yaxınlaşdıqca Azərbaycana qarşı xaricdən və daxildən əsassız hücumlar artır. Ən diqqətçəkən məqam odur ki, anti-Azərbaycan qüvvələr heç bir əsası olmayan, reallıqdan uzaq iddialar irəli sürür, bunu xüsusilə sosial şəbəkələr üzərindən tirajlamaqla Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd edirlər.

Bakı UEFA finalına hazırlaşan vaxt “Nizami (Tarqovı) və İstiqlaliyyət küçələrinə girişin məhdudlaşdırılacağı” iddiası ortaya atıldı. Bu iddianın özlüyündə absurd olduğu ortadadır: turistlərin ən çox axın edəcəyi küçələr niyə bağlanmalıdır?!

Bakı meriyası rəsmi şəkildə iddianı təkzib etdi və bəyan etdi ki, “Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir, əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcəkdir”.

Düz məntiq də reallığın belə olduğunu təsdiqləyir. Dünyanın baxdığı futbol yarışının Bakıda keçiriləcəyi gün mərkəzi küçələrə məhdudiyyətlərin qoyulmasını demək üçün ya məntiqsiz olmalısan, ya da öz ölkənə qarşı törədilən təxribatın bir parçası olacaq qədər yaramaz…

REAL sədri İlqar Məmmədovun irəli sürdüyü iddialar yumşaq desək, yaramazlıqdır.

Məmmədov iddia edir ki, keçiriləcək oyuna görə hakimiyyət İstiqlaliyyət küçəsinə girişi qadağan edib, halbuki, REAL 28 mayda bu küçədə yerləşən İstiqlaliyyət abidəsini ziyarət etməklə bağlı qərar qəbul etmişdi. Daha sonra o, “bu biabırçılıqla bağlı sabah UEFA videomüraciət edəcəm” deyə bildirir.

Və bu adam, hakimiyyətə iddia edən, özünü siyasi lider kimi irəli sürən bu adam heç bir dəqiqləşdirmə aparmadan, sosial şəbəkələrdə ortaya atılan hansısa iddiaya istinadən belə çıxış edir. Bu, onun birinci biabırçılığıdır.

İkinci biabırçılığı odur ki, Məmmədov iddiasını “sanki hakimiyyət məhz REAL-ın qərarından sonra onların abidəyə girişinin qarşısını almaq üçün küçəni bağlayıb” deyə təqdim edir. Və sanki REAL o qədər güclü siyasi qüvvədir ki, onun qarşısını almaq üçün belə bir addım atılır. Reallıq REAL-ın tam əksinədir, sadəcə olaraq, Məmmədov bununla özünüreklam kampaniyasına keçib və bu kampaniyanı UEFA-nın final oyunu ərəfəsində etməklə daha çox diqqət çəkmək istəyir.

Bu da onun üçüncü biabırçılığıdır ki, ucuz reklam xatirinə öz ölkəsindən belə “donos” yazmağa hazırdır.

Özünə siyasətçi deyən biri üçün üç biabırçılıq onun haqqında təsəvvür yaratmağa imkan verir.

Hərçənd, məsələ təkcə bununla bitmir. Proseslərin inkişafı, final oyunu ərəfəsində Azərbaycana qarşı oynanılan oyunlar təsdiqləyir ki, REAL sədri anti-Azərbaycan qüvvələrin planlarında yer alır, yaxud da almağa çalışır. Analoji yanaşma adətən AXCP sədri Əli Kərimlinin “kurasiyasındadır”. REAL sədrinin də bu prosesə qoşulması ortada “kimin daha yaxşı “donos” yazması” davasının getdiyinə dəlalət edir. Halbuki, bu şəxslərin “hakimiyyət” adı altında hədəf seçdiyi Azərbaycan dövlətidir.

UEFA final oyununun Bakıda keçirilməsi haqqında qərar qəbul edərkən, bunu hakimiyyətə görə yox, Azərbaycan adlı bu məmləkətə görə etmişdi.

“Arsenal” və “Çelsi” Azərbaycanın paytaxtında yarışacaq, X şəhərdə deyil.

Oyunu izləməyə gələnlər X ölkəyə yox, Azərbaycana gələcək.

Dünya Azərbaycanı tanıyacaq, final matçının Bakıda keçirilməsinə görə siyasi, iqtisadi və s. olmaqla nə xeyir gəlsə, bu ölkəyə gələcək.

Dünyanın diqqətinin yönəldiyi vaxt öz ölkəni ləkələmək isə nə vətəndaşlığa, nə də siyasətçiliyə yaraşan deyil.

Viktor Hüqonun gözəl bir sözü var: “Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir”.

Buyurun, görək “xəyanət yarışında” kim özünün mahiyyətini daha çox ortaya qoyacaq…

Asif Nərimanlı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər