İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə türkiyəli nazir Naxçıvan şəhərinin mərkəzində ucaldılan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra H.Akar Mustafa Kamal Atatürkün büstünü də ziyarət edib və önünə əklil qoyub.
Türkiyənin nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyub.
Türkiyə Respublikasının Milli Müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Türkiyənin Milli müdafiə naziri “Xatirə kitabı”nı da imzalayıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.
General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.
Türkiyəli nazir də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.
Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.
Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.