18 İyun 2019 21:05
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız məhkəmələrinin Dağlıq Qarabağın Fransa şəhərləri ilə qardaşlaşmasına dair xartiyaların ləğvinə dair qərarı o qədər məzmunlu və perspektivli sənədlərdir ki, onlar həm bu gün Fransada erməni lobbisinin gücsüzlüyünü, həm də Azərbaycan diplomatiyasının nəyə qadir olduğunu bir daha nümayiş etdirir. Həm də çox maraqlıdır ki, bu sənəd Fransadakı erməni lobbisinin daxilində müəyyən qədər parçalanmaların olmasından və Fransadakı erməni lobbisinin heç də vahid, bütöv olmadığından xəbər verir.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, diqqət yetirdikdə görmək olar ki, Fransa məhkəmələrinin qərarları Azərbaycanın faktiki olaraq ərazi bütövlüyünü təsdiq etdikdən sonra Ermənistan hakimiyyətinin apardığı siyasət həm ölkə daxilində tənqid olunmağa, həm də Fransanın özündə Ermənistanın və erməni lobbisinin siyasətinə müəyyən iradlar tutulmağa başlayıb, müəyyən təftişçilik cəhdləri baş qaldırıb:

“Bu nöqteyi-nəzərdən Fransanın məşhur qəzetlərindən birinin – “Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biri olan erməni əsilli Fransa politoloqu Q aids Minassianın dediyi fikirlər tamamilə diqqəti cəlb edir. Həmin fikirlər bu gün Ermənistan dövlətinin və erməni lobbisinin Fransada apardığı siyasətin açıq-açıq şəkildə təftişçiliyi nöqteyi-nəzərindən verilmiş bəyanatlardır. Məsələ ondadır ki, Azərbaycan Dağlıq Qarabağ problemi və bütövlükdə ərazi bütövlüyü ilə bağlı məsələni beynəlxalq hüquqi müstəviyə çox uğurla daşıdığı bir halda erməni lobbisinin bütün səyləri demək olar daşa dirəndi. Artıq gözlənilir ki, Fransanın başqa şəhərlərində də “qardaşlaşma xartiyaları” məhkəmələr tərəfindən ləğv olunacaq.

Dünyanın başqa ölkələrində, o cümlədən Fransada bundan sonra bu tipli xartiyaların imzalanma perspektivi demək olar ki, sıfıra enib. Bu şəraitdə əslində “Le Monde” qəzetinin rəhbər işçisinin səsləndirdiyi bəyanatlarda erməni lobbisinin Fransada apardığı işin gələcəyinə dair bir ümidsizlik notları da daxildir. Mən bunu açıq şəkildə erməni lobbisinin apardığı siyasətin içərisində parçalanmaların ilkin əlamətləri kimi qiymətləndirirəm və gözləmək olar ki, Fransa məhkəməsinin qərarlarından sonra Fransadakı erməni lobbisinin sıralarında çox ciddi parçalanmalar olacaq. Bax, “Le Monde” qəzetinin redaktorunun söylədiyi fikirlər, həmin bu təftişçi bəyanatlar Fransadakı erməni lobbisinin daxilində gedən deqradasiya prosesindən xəbər verir”.

Qeyd edək ki, Fransa məhkəmələrində Dağlıq Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.

Erməni əsilli Fransa politoloqu Qaids Minassian da bu həqiqətləri etiraf etməklə yanaşı, baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Qeyd edib ki, onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proses davamlı xarakter daşıyacaq.

Q.Minassian radikal anti-Azərbaycan və anti-türk mövqeyə malik daşnakdır. O, “Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib gəlir, 2016-cı ilin aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub.

Bu, bir tərəfdən konkret anti-Azərbaycan mövqeyi olan şəxsin nüfuzlu “Le Monde” qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir, digər tərəfdən həssas məqamlarda “Le Monde”nin Azərbaycana qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.


Müəllif: Səxavət Həmid