16 İyul 2020 07:25
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ABŞ mətbuatında və bu ölkənin ictimai sosial həyatında fəal rol oynayan elektron portallarda Ermənistanın 12 iyul tarixindən etibarən Azərbaycan Ermənistan sərhəddinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlarla bağlı məlumat yayımlayıb.

Teleqraf.com xəbər verir ki, bu məlumat Yahoo kimi geniş əhatə dairəsi olan şəbəkələrdə yayımlanıb və bu məlumat kifayət qədər böyük izləyici kütləsinə çatıb.

Yayımlanmış məlumatda Ermənistanın iki ölkə arasında olan atəşkəs razılaşması və beynəlxalq hüququ pozaraq, Azərbaycanla beynəlxalq sərhəddə hücuma keçməsi və mülki əhalini məqsədli şəkildə hədəfə alması bildirilir. Nəticədə dinc əhalinin və Azərbaycanın hərbi qulluqçularının həyatını itirməsi qeyd olunur və Ermənistan hərbi qüvvələrinin iki ölkə sərhəddi boyunca Azərbaycan kəndlərini mərmi atəşinə tutduğu bildirilir.

Qeyd olunur ki, ermənilər əsasən qanunsuz işğal olunmuş Azərbaycan ərazilərindəki təmas xəttini deyil, sıx məskunlaşmış yaşayış ərazilərini nişan alır. Ermənistanın məqsədi qarşıdurmanın əhatə dairəsini genişləndirərək daha çox beynəlxalq oyunçu cəlb etməkdir. Ermənistanın müdafiə nazirliyinin açıqlama verərək “daha əlverişli mövqelər işğal etmək” niyyəti ictimaiyyətə çatdırılır.

Məlumatda qeyd olunur ki, Ermənistanın hücumu Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan neft və qaz kəmərləri, xüsusilə də Cənub Qaz Dəhlizinin keçdiyi ərazinin yaxınlığında baş tutmuşdur.

Artıq illərdir ki, Ermənistan Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa çalışır. Dünya ictimaiyyətinin COVİD-19-la mübarizəyə fokuslandığı bir zamanda Ermənistan rəhbərliyi qeyri-konstruktiv bəyanatlar və əməllərlə qərəzli mövqeyini davam etdirir və əsaslı süh üçün beynəlxalq çağırışlara məhəl qoymur.

Azərbaycan isə öz növbəsində münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də daxil olmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır.

Bildirilir ki, Ermənistanın son əməlləri kobud şəkildə beynəlxalq humanitar hüquq pozuntusudur və mülki əhalinin əziyyət çəkməsinin qarşısını almaq üçün bu həlli uzanan münaqişə tezliklə bitməlidir. Ermənistanın təcavüzkar əməlləri və liderlərinin zorakılığa səsləyən bəyanatları Ermənistanın özü də daxil olmaqla regionda sülhə və təhlükəsizliyə ciddi təhlükədir.

Məlumatın sonunda Ermənistanın təcavüzünün qurbanlarının ailələrinə başsağlığı verilir və yaralılara şəfa dilənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər